Paşinyan istefa verməyə hazır olduğunu bəyan etdi

Paşinyan istefa verməyə hazır olduğunu bəyan etdi backend

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, xalq referendumda yeni konstitusiyanı rədd edərsə, o, istefa verəcək.

Qaziler.az xəbər verir ki, onun sözlərini TASS agentliyi yayıb.

"Əgər xalq konstitusiyanı rədd etsə, mən istefa verəcəyəm. Əgər xalq konstitusiyaya "hə" desə, mən növbəti seçkilərdə baş nazir postuna namizədliyimi irəli sürməyəcəyəm", – deyə Paşinyan bildirib.

Bundan əlavə, ümumxalq səsverməsində konstitusiyanın təsdiqlənəcəyi təqdirdə Paşinyan Azərbaycanla sülh sazişi imzalayacağını, nəqliyyat kommunikasiyalarının açılması və sərhədin mürəkkəb sahələrinin tənzimlənməsi prosesinə start verəcəyini vəd edib.

Xatırladaq ki, Ermənistan Konstitusiyası 1995-ci il iyulun 5-də qəbul edilib və iki dəfə — 2005-ci və 2015-ci illərdə dəyişdirilib. 2024-cü ilin yanvarında Paşinyan ölkəyə "yeni geosiyasi şəraitdə ölkənin həyat qabiliyyətini təmin edəcək" yeni konstitusiyanın lazım olduğunu bəyan etmişdi. Baş nazir vurğulayıb ki, Ermənistan konstitusiyasının əsasında duran Müstəqillik Bəyannaməsinin müddəaları ölkəni müharibə ilə təhdid edir.

QAZİLER.AZ