“Azərbaycanla sülh prosesi başa çatandan sonra istefa verəcəm” - Paşinyan

“Azərbaycanla sülh prosesi başa çatandan sonra istefa verəcəm” - Paşinyan backend

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni konstitusiya ilə bağlı referendumun nəticələrindən asılı olaraq istefa verəcəyinə söz verib.

Qaziler.az xəbər verir ki, "Tert" agentliyinin məlumatına görə, o, bu barədə parlamentdə sual-cavab sessiyası zamanı bildirib.

Paşinyan müxalifətə onu hakimiyyətdən uzaqlaşdırmaq təklifi ilə müraciət edib. Onun sözlərinə görə, əgər vətəndaşlar referendumda yeni konstitusiyanın əleyhinə səs versələr, o, vəzifəsini tərk edəcək. Əgər dəstəkləsələr, Azərbaycanla sülh prosesini başa çatdıracaq və bundan sonra istefa verəcək.

"Məni uzaqlaşdırmaq istəyirsiniz, çox yaxşı, mən sizə təklif edirəm uzaqlaşdırın, nə istədiyinizi sübut edin", - deyə erməni baş nazir bildirib və hamını referenduma getməyə çağırıb.

Ümumxalq səsverməsində konstitusiyanın təsdiqlənəcəyi təqdirdə, o, Bakı ilə sülh sazişini imzalayacağını, nəqliyyat kommunikasiyalarının açılması və sərhədin mürəkkəb hissələrinin tənzimlənməsi prosesinə start verəcəyini, bundan sonra isə postunu tərk edəcəyini vəd edib.

"Referenduma gedirik. Xalq səs verməsə, mən gedirəm. Təslim oluram. Təklif edirəm. İmtina edirsiniz?" - deyə o, Milli Məclisin deputatlarına müraciət edib.

Paşinyan vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsi imzalanana qədər hər bir halda istefa vermək niyyətində deyil. Onun sözlərinə görə, sülh yolunda yekun maneə kimi məhz müxalifət çıxış edir.

Sessiyadan əvvəl o, yeni konstitusiyaya səsvermənin Qarabağ müharibəsində həlak olanlara hörmət əlaməti olacağını bildirib. O, həmçinin qeyd edib ki, Ali Şuranın Ermənistan və Dağlıq Qarabağın yenidən birləşdirilməsi ilə bağlı qərarının konstitusiyadan çıxarılması planlaşdırılır.

QAZİLER.AZ