Yaroslavl vilayətində beş nəfərin ölümü ilə nəticələnən fişəng anbarındakı yanğın elektrik çayniki və uzadıcı naqil (udlinitel) səbəbindən başlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Mash" “Telegram” kanalı məlumat yayıb.
Hadisə işçilər şam yeməyinə yığışarkən baş verib. Elektrik çaynikinin qoşulu olduğu uzadıcı naqildə qısaqapanma yaranıb. Alov sürətlə pirotexniki vasitələrə keçib, bundan sonra partlayışlar və güclü yanğın başlayıb.
Hadisə nəticəsində iki bina tamamilə dağılıb. Müəssisə direktorunun sözlərinə görə, işçilər orada pirotexnika istehsal etməyiblər, anbarda sadəcə Çindən gətirilən fişənglər saxlanılırmış.
Qeyd edək ki, hadisə zamanı beş nəfər həlak olub. Xilasedicilər onların meyitlərini uçmuş konstruksiyaları təmizləyərkən tapıblar. Bir qadın isə zərər çəkib. Müəssisədəki yanğın artıq lokallaşdırılıb. Alovun söndürülməsi ilə 100-dən çox fövqəladə hallar xidmətinin əməkdaşı və 40 ədəd xüsusi texnika məşğul olub.
QAZİLER.AZ

