Zəfər Günü ərəfəsində 110 nəfər ödənişsiz göz müayinəsindən keçirilib - FOTO 

Zəfər Günü ərəfəsində 110 nəfər ödənişsiz göz müayinəsindən keçirilib - FOTO  backend

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin təşkilatçılığı ilə 6 noyabr 2026-cı il tarixində həyata keçirilən layihə çərçivəsində Batı Göz Klinikası ilə birgə 110 nəfərin ödənişsiz göz müayinəsi təşkil olunub.

Qaziler.az xəbər verir ki, bu barədə MVQSYİB-nin sədri Radə Abbas məlumat yayıb. 

Bildirilib ki, Zəfər Günü ərəfəsində həyata keçirilən sosial layihə çərçivəsində şəhid ailələrinə, qazilərin ailələrinə və aztəminatlı ailələrə göz müayinəsi hədiyyə edilib. Layihənin əsas məqsədi şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının və digər həssas əhali qruplarına aid şəxslərin göz xəstəliklərinin erkən aşkarlanması, vaxtında tibbi müdaxilənin təmin olunması və sağlamlıqlarının qorunmasına dəstək göstərməkdir.

Müayinələr Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının ofisində təşkil olunub. Batı Göz Klinikasının mütəxəssisləri tərəfindən bütün müayinələr tam ödənişsiz və yüksək keyfiyyətlə həyata keçirilib. Bir gün ərzində ümumilikdə 110 nəfər tibbi müayinədən keçib.

Müayinə iştirakçıları üçün göz sağlamlığı və xəstəliklərin erkən aşkarlanmasının əhəmiyyəti ilə bağlı maarifləndirici seminar da təşkil edilib. Müayinələr zamanı ciddi sağlamlıq problemləri aşkarlanan şəxslər əlavə müayinə və müalicə məqsədilə Batı Göz Klinikasına dəvət olunublar.

Tədbir çərçivəsində iştirakçılar üçün çay və şirniyyat süfrəsi açılıb, şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan verilib.

Tibbi müayinələr başa çatdıqdan sonra Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib. Tədbirdə iştirak edən şəhid anaları çıxış edərək təşkilatçılara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında şəhid analarına ehtiramını ifadə edərək onların qarşısında minnətdarlıq hisslərini bölüşüb. Döyüşçü-prokuror Fərman Rzayev də tədbirdə çıxış edərək öz ürək sözlərini iştirakçılarla bölüşüb.

Tədbirdə, həmçinin antiterror əməliyyatları zamanı şəhid olmuş Oleq Cəfərovun doğum günü qeyd edilib. Şəhidin üç yaşlı yeganə övladının da tədbirdə iştirakı iştirakçılar üçün xüsusi mənəvi əhəmiyyət daşıyıb.

Layihənin davamı olaraq Qarabağın işğaldan azad edilmiş ərazilərində, xüsusilə Xocalı rayonunda da Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin təşkilatçılığı ilə əhalinin ödənişsiz göz müayinələrinin keçirilməsi nəzərdə tutulur.

Tədbir zamanı foto və video çəkilişlər aparılıb, layihə və tədbir haqqında məlumatlar kütləvi informasiya vasitələrində yayımlanıb.

"Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi adından layihənin həyata keçirilməsinə böyük dəstək göstərən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının bütün kollektivinə, xüsusilə təşkilatın sədri Muxtar Nağıyevə dərin təşəkkürümüzü bildiririk", - məlumatda qeyd olunub.