Şəhid ailələri və qazilər üçün ödənişsiz göz müayinəsi keçiriləcək

Şəhid ailələri və qazilər üçün ödənişsiz göz müayinəsi keçiriləcək backend

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin təşkilatçılığı ilə 6 noyabr 2026-cı il tarixində, Batı Göz Klinikası ilə birgə göz müayinəsi keçiriləcək. 

Qaziler.az xəbər verir ki, bu barədə MVQSYİB-nin sədri Radə Abbasın yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, müayinənin məqsədi şəhid ailələri, qazilər, veteranlar və digər həssas qruplardan olan şəxslərdə göz xəstəliklərini erkən mərhələdə aşkarlamaqdır. Proses tam ödənişsiz və yüksək keyfiyyətlə icra olunacaq. 

Müayinələr Yeni Azərbaycan Partiyasının Səbail rayon İdarəsinin ofisində olacaq. Məkanda həm müayinələrin aparılması, həm də seminarın keçirilməsi üçün uyğun şərait olduğundan, həkimlərimiz tədbiri məhz orada təşkil etməyi qərara alıblar. Bir gün ərzində 100 nəfərin müayinəsi nəzərdə tutulur və bu zaman aşkarlanan ciddi problemlərin sonrakı müalicə və əməliyyatlarını da Batı Göz Klinikası öz üzərinə götürəcək.

Layihənin icrasında Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin də üzv olduğu Hərb Yönümlü QHT-lər İttifaqının kollektivi yaxından iştirak edir və öz köməkliyini əsirgəmir. 

Tədbir zamanı foto və videoçəkilişlər aparılacaq və materiallar mətbuatda dərc olunacaq.