Qarabağ qazilərindən seçki açıqlaması – 45 rayonda...

Qarabağ qazilərindən seçki açıqlaması –  45 rayonda... backend

Bu il fevralın 7–də Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərinin nəticələri ilə bağlı “Qarabağ qaziləri” ictimai birliyi açıqlama yayıb.

Qaziler.az xəbər verir ki, bu barədə birliyin seçki prosesini izləyən müşahidə komandasının rəhbəri Qazi Yaşar Həziyev məlumat verib:

“Əvvəla bütün xalqımızı Azərbaycanda baş tutmuş bu seçki ilə bağlı təbrik edirik. Bu seçki xalqımız və dövlətimiz üçün çox əhəmiyyətli idi. Çünki Qarabağ tamam azad edilmiş, Azərbaycanımızın suverenliyi bütün ərazilərimizdə bərpa edilmişdi. Qalib xalq olaraq ilk dəfə belə bir seçki keçirirdik. “Qarabağ qaziləri” ictimai birliyi bu seçkidə ilk gündən yüzlərlə üzvünün və tərəfdaşının timsalında iştirak etdi. İlk olaraq seçki öncəsi prosesə qoşulan təşkilat üzvləri sonrakı mərhələlərdə də yaxından iştirak etdi. Namizədliyin irəli sürülməsi, qeydə alınması, təbliğat və təşviqat işlərinin aparılmasında heç bir ciddi qanun pozuntusu qeydə alınmadı. Qazilərimiz seçki günü ümumilikdə 45 rayonda öz təşəbbüsləri (müstəqil), ya da müxtəlif koalisiyaların, müşahidəçi missiyasını həyata keçirən digər komandaların tərkibində məntəqələrdə müşahidə aparıblar. Onlar seçki öncəsi, seçki günü və seçkidən sonra səslərin sayılmasını yaxından izləyiblər. Nümayəndələrimizin bizə verdikləri məlumatları ümumiləşdirib belə bir qərara gəldik: Bəzi məntəqələrdə xırda çatışmazlıqları nəzərə almasaq, seçki prosesi bütövlükdə tam şəffaf, obyektiv və demokratik şəkildə həyata keçdi. Əhalinin seçkiyə böyük həvəslə gəldiyinin şahidi olduq. Qazilərimiz də bu seçkidə çox böyük aktivlik nümayiş edirdilər”.

Yaşar Həziyev seçkinin nəticələri barədə də danışıb: “Seçkidə kimin qalib gələcəyi ilə bağlı əvvəlcədən beynəlxalq və yerli siyasi analitiklərin, seçki mütəxəssislərinin verdiyi proqnozlar özünü doğrultdu. Hazırki Prezidentimiz İlham Əliyev bütün rəqiblərini böyük səs çoxluğu ilə yenərək qalib gəldi! Elə biz də bunu gözləyirdik. Çünki xalqımız özünün Müzəffər, Qazi Ali Baş komandanını qiymətləndirməyi çox yaxşı bacarır! Qarabağı azad edən, xalqımız və dövlətimiz naminə böyük işlər görən İlham Əliyev bu xalqın ən layiqli və şəriksiz lideridir! Prezidentimizi təbrik edirik! Ona ölkəmizin rifahı, dövlətimizin qorunması və inkişaf etməsi yolunda yeni-yeni uğurlar arzulayırıq! Bütün xalqımızı bir daha belə bir demokratik, şəffaf və obyektiv seçki keçirdiklərinə görə təbrik edirik!”, - deyə Yaşar Həziyev bildirib.

Y.Həziyev onu da vurğulayıb ki, dünənki seçkidə QHT nümayəndələrinin yüksək aktivliyi diqqət çəkib.

Xatırladaq ki, dünən axşam “Qarabağ qaziəri” ictimai birliyinin sədri Asəf Əliyevin növbədənkənar seçki prosesi ilə bağlı açıqlaması yayılıb.

QAZİLER.AZ

Diaspora