Lavrovun “Krım Rusiyanındır, nöqtə” bəyanatı - Ukrayna nidalı mövqe göstərə biləcəkmi...

Lavrovun “Krım Rusiyanındır, nöqtə” bəyanatı - Ukrayna nidalı mövqe göstərə biləcəkmi... backend

Qara dəniz bölgəsinin incilərindən olan Krımın hərbi-strateji və geopolitik proseslərdə önəmi barədə ekspertlərdən maraqlı şərhlər

Qərbin sanksiyalarının Rusiyanı Krım məsələsində güzəştə vadar edəcəyi barədə ehtimalların tam aradan qalxdığını söyləmək olar. Rusiya xarici işlər naziri Sergey Lavrovun “Yarımada həmişəlik Rusiyanın tərkibində qalacaq. ABŞ-ın rəhbərlik etdiyi Qərb bunu dəyişdirə bilməz” açıqlaması rəsmi Moskvanın bir addım da geri çəkilmək niyyətində olmadığını təsdiqləyir.

Hər halda, yarımadanın Rusiyaya birləşdirilməsinin ildönümü münasibətilə müraciəti zamanı S.Lavrovun dilə gətirdiyi “Krımın Rusiyanın tərkibinə qatılması beynəlxalq hüquq çərçivəsində baş verib” mövqeyi beynəlxalq hüquqa və konvensiyalara meydan oxunması kimi də dəyərləndirilə bilər. Söhbət Ukraynanın ərazi bütövlüyünə 7 il əvvəlki nümayişkaranə qəsddən gedir, amma Kremlin “öz həqiqətləri” var. Düzdür, Rusiyanın baş diplomatı təqribən dörd il əvvəl Dağlıq Qarabağ məsələsinin də Azərbaycanın “daxili işi olmadığını” söyləməklə, Azərbaycanın haqlı etirazına səbəb olan mövqe nümayiş etdirmişdi. Ancaq sonrakı dönəmdə prezident Putinin ortaya qoyduğu qəti iradə nəticəsində S.Lavrov da Rusiya dövlət başçısının “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”, yanaşmasından kənara çıxa bilmədi. Lakin Krım Kreml üçün fərqli anlam kəsb etdiyi üçün analoji yanaşmanın yarımadaya münasibətdə də ifadə olunacağı, yaxud Ukraynanın öz ərazi bütövlüyünü bərpa cəhdinə soyuqqanlı yanaşılacağını demək olmaz. Təkcə ona görə yox ki, Krım yarımadası böhranında qarşı tərəf Rusiya dövlətidir. Məsələ burasındadır ki, yarımada təkcə Ukrayna, yaxud Rusiya üçün deyil, Qərb üçün də strateji əhəmiyyət kəsb edən yarımadadır və coğrafi mövqeyinin böyük üstünlükləri var.

Düz 7 il əvvəl, elə martın ortalarında Londonda ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Ukraynadakı vəziyyətlə bağlı görüş keçirilmişdi. 5 saat davam edən görüşdə Ukrayna məsələsi ilə bağlı heç bir razılıq əldə olunmamışdı. Üstündən illər keçib, nə beynəlxalq təzyiqlər, nə pandemiyanın gətirdiyi iqtisadi çətinliklər Rusiyanı geri addım atmağa sövq edə bilməyib. Nəticədə Rusiyanın baş diplomatı “Krım Rusiya ilə əbədi olaraq qalacaq, ABŞ başda olmaqla, Qərb bunu dəyişdirə bilməz” deyir. Bütün baş verənlərə rəğmən rəsmi Moskvanın “danışan dili” “Krımın taleyi və gələcəyi, kiminsə xoşuna gəlməsə də, həmişəlik Rusiya ilə bağlıdır. ABŞ-ın rəhbərlik etdiyi Qərb dövlətlərinin heç biri bu reallığı dəyişdirə bilməz - nə beynəlxalq hüquq, nə siyasi, nə də mənəvi baxımdan”, - deyir. Hətta ABŞ-ın yeni administrasiyası Rusiyanı açıq şəkildə özünün düşmənləri sırasına daxil etsə də, Kreml Krım siyasətini dəyişməyi düşünmək belə istəmir. Beləliklə, göründüyü kimi, Rusiya Krımdan əl çəkmir, ABŞ, NATO isə onun Ukraynaya qaytarılması üçün çalışır. Qara dəniz bölgəsinin incilərindən olan Krımın hərbi-strateji və geopolitik proseslərdə önəmi nədir?

Elçin Mirzəbəyli: “Qərb siyasətçiləri boş-boş bəyanatlar verməkdən başqa bir iş bacarmırlar”

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, əvvəla, bu dünyada əbədi heç nə yoxdur: “Ona qalarsa çar və bolşevik Rusiyaları da özünü əbədi sayırdılar və məlum olduğu kimi, artıq onların xatirəsi belə tarixin arxivinə göndərilib. Tarixi və mənəvi nöqteyi-nəzərdən Krım nə Rusiyanındır, nə də Ukraynanın. Bu ərazi öz yurdlarından xüsusi amansızlıqla sürgün edilən Krım türklərinindir. Amma müasir dövrdə dövlətlərin ərazi bütövlüyünə tarix müstəvisindən yanaşılarsa, o zaman sonu bilinməyən müharibələr labirintinə daxil olmaq olar. Bu baxımdan da, ən doğru seçim dövlətlərin beynəlxalq müstəvidə tanınmış sərhədlərinin və ərazi bütövlüklərinin toxunulmazlığıdır. Bütün qeyri-müəyyən müzakirələrin ən qısa, ən lakonik və ən doğru cavabı beynəlxalq hüquqdur. Bu baxımdan da Krım Ukrayna ərazisidir”. Siyasi analitik hesab edir ki, Rusiyanın bu ərazini ilhaq etməsi hüquqi reallıqları dəyişmir: “Rus psixologiyasına müəyyən qədər bələd olan bir şəxs kimi deyə bilərəm ki, Krımın ilhaq edilməsində Rusiyanın əsas məqsədi Qərbə inteqrasiya yolunu seçən Ukraynanı cəzalandırmaqdır. Yəni ”mən vermişdim, mən də aldım". Digər tərəfdən, Krımın geostrateji əhəmiyyəti həddən artıq böyükdür. Krım Qara dənizin mərkəzində yerləşir və hansı ölkə bu əraziyə nəzarət edirsə, bütün akvatoriya üzərində mübahisəsiz üstünlük qazanır. Təbii ki, bu baxımdan da Rusiya Krımı əldən vermək istəməyəcək".

E.Mirzəbəyli qeyd etdi ki, Qərbin də bu məsələdə prinsipial və israrlı mövqe nümayiş etdirəcəyini gözləmir: “Qərb siyasətçiləri boş-boş bəyanatlar verməkdən başqa bir iş bacarmırlar. Digər tərəfdən, Ukraynanın nüvə silahından imtina etməsinin qarşılığında onun ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına Rusiya ilə yanaşı Böyük Britaniya və ABŞ da Budapeşt razılaşması ilə təminat vermişdilər. Nə oldu? Razılaşmanı imzalayanlardan biri Ukrayna ərazisini ilhaq etdi, digər ikisi isə yüngülvari sanksiyalarla keçindilər. Heç kim Ukraynaya görə Rusiya ilə savaşmaq istəməyəcək. Nə bu gün, nə də yaxın zaman kəsiyində... Bəlkə də heç vaxt”.

Elxan Şahinoğlu: “Bir gün Rusiya zəifləsə, mərkəzdənqaçma meylləri güclənsə, Ukraynanın Krımı geri qaytarma şansı artacaq”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirdi ki, Krımı ilhaq etməklə Rusiya qırmızı cizgiləri aşdı və ona qarşı Qərbin sərt sanksiyaları işə düşdü: “İndiyədək davam edən bu sanksiyalar, məncə, Krım geri qayıtmayana qədər Rusiyanın başı üzərində olacaq, hətta bir az da sərtləşəcək. Avqust ayında Ukrayna hakimiyyəti Krımla bağlı bir platforma həyata keçirmək istəyir. Böyük dövlətlərin liderlərini həmin platformaya çağıracaq. Ukrayna üçün Krımı geri qaytarmaq son dərəcə çətin olacaq, bu, Lavrovun son açıqlamasından da görünür. Hətta mən deyərdim ki, Rusiyada nə vaxtsa hakimiyyət dəyişsə, liberal düşüncəli siyasətçilər bu ölkənin hakimiyyətinə gəlsə, Krımın qaytarılması çətin olacaq”.

E.Şahinoğlu qeyd etdi ki, bu reallığı Ukraynada da anlayırlar: “İndi Ukraynanın əsas məqsədi Donbas üzərində nəzarəti ələ keçirməkdir. Amma Krımı da unutmurlar və Krımla bağlı tədbirlər də həyata keçirilir. Əsas məqsəd ondan ibarətdir ki, Krıma görə Rusiyaya qarşı sanksiyalar sərtləşsin. Ukraynada düşünürlər ki, indi Rusiya Krımı ilhaq edib, əlində saxlayır, amma bir gün Rusiya zəifləsə, mərkəzdənqaçma meylləri güclənsə, Ukraynanın Krımı geri qaytarma şansı artacaq. Ancaq qeyd etdiyim kimi, bundan əvvəl Kiyev Donbas problemini həll etməlidir, ərazi bütövluyunun təmin olunması istiqamətində addımlar atmalıdır. Bu gün Donbasda da vəziyyət gərgindir, atəşkəs intensiv şəkildə pozulur, separatçılar təxribatlar törədirlər. Rusiya və separatçıların başqa bir planı Ukraynanı ikiyə bölməkdir. Krım və Donbasla kifayətlənməyib, digər şəhərləri - Mariopl, Dnepr, Odessa, Xarkov, Nikoleyev, Xerson şəhərlərini işğal etmək istəyirlər. Keçmişdə bu layihənin adını ”Novorossiya" qoymuşdular, o zaman bu planın reallaşdırılması alınmadı, amma müharibə başlasa, yenidən bu planı reallaşdırmaq istəyəcəklər". Politoloq Kiyevin dirəniş göstərəcəyinə şübhə etmir: “Ukrayna ordusu bu illərdə çox güclənib, kifayət qədər müqavimət göstərə bilər. Kiyev ABŞ-dan müasir silahlar alıb, Türkiyə də Ukraynaya müəyyən silahlar verib. Ona görə Ukrayna ordusu da qarşıdurmadan çəkinməyəcək. Amma yenə də bu qarşıdurma çox gərgin vəziyyət yarada bilər”.

E.Şahinoğlu hesab edir ki, Kreml 2013-2014-cü illərin əvvəllərində Kiyevdəki hakimiyyət-müxalifət qarşıdurmasından istifadə edərək Krıma hərbçilərini göndərdi, sonra isə “referendum” keçirib yarımadanı rəsmən ilhaq etdi: “Ukrayna isə heç nə edə bilmədi, Krım uğrunda döyüşməyi bacarmadı, çünki ruspərəst prezident Viktor Yanukoviçin ölkədən qaçmasıyla kağız üzərində olan ordu da dağıldı. Bəlkə də Ukrayna yaşadığı xaosa rəğmən, Krım uğrunda əlindəki imkanlar daxilində döyüşsə və müqavimət göstərsəydi Rusiya yarımadanı asanlıqla ram etməzdi. Ancaq onda da Kreml sahibi Ukraynanı ikiyə parçalamağı əmr edər və ”Novorossiya" (Donetsk və Luqanskla yanaşı, Maripol, Dnepr, Odessa, Nikolayev, Xerson, Xarkov şəhərlərinin ələ keçirilməsi) planını işə salardı. Ukraynada bir-birini dəyişən hakimiyyətlərin başqa bir səhvi Krım tatarlarına güvənməyərək 1990-cı illərin başından Krımda onların sayının artırılmasına yaratdığı maneələrdir". Politoloq maraqlı bir müşahidəsini də bölüşdü: “Kiyevdə rəsmilərdən biri mənə etiraf etmişdi ki, onlar Krımda nə vaxtsa separatçılığa məhz tatarların başlayacağını zənn edirmişlər. Tam əksi oldu, tatarlar Kırmda Ukraynanın bütövlüyünə və bayrağına sadiq qaldılar, yarımadadakı ruslar isə Moskvaya sığındılar. Kiyevdəki siyasətçilər yanıldıqlarını Krımın ilhaqından sonra anladılar, ancaq artıq gec idi. Əlbəttə, Krım tatarlarının lideri Mustafa Cəmiloğlu ukraynalı siyasətçilər tərəfindən hörmət edilən şəxsdir, hər prezident onu yanında görmək istəyir, ancaq Mustafa bəyin məsləhətlərini daha əvvəl eşitmək lazım idi. Mustafa bəylə Kiyevdə bu mövzuda çox söhbətlərimiz olub, o vaxtında atılmalı olan addımların gecikdirildiyini deyirdi”. Ekspertimiz hesab edir ki, Ukrayna üçün Krımı geri qaytarmaq çətin olacaq: “Rusiyada prezident nə vaxtsa dəyişsə, hətta Navalnı kimi siyasətçinin Kreml sahibi olacağını ehtimal etsək belə, şimal qonşumuzun Krımı Ukraynaya qaytaracağını zənn etmək çətindir. Buna baxmayaraq, Kiyev müqavimət göstərir və Donbasla yanaşı Krımı da unutmadığını göstərir”.

Hələliksə Donbas istiqamətində atəşkəsin pozulması halları barədə xəbərlər gəlməkdədir. İstisna deyil ki, Donbas istiqamətində gərginlik Kiyevin Krımla bağlı planlarını və xəyallarını puç etmək üçündür. Qarşı tərəf Ukrayna ordusunu elə Donbas səddində dayandırmaq istəyir ki, Krımla bağlı planları birdəfəlik arxivə göndərə bilsin. Qarabağın 44 günə azad olunmasından sonra Ukraynanın ərazi bütövlüyünü bərpa istiqamətində fəallaşması aydın görünür. Çox yaxşı olardı ki, dost Ukrayna ilə Azərbaycanın böyük qonşusu Rusiya arasında münasibətlər sakitliklə çözülsün, buna inam olsaydı, heç şübhəsiz Azərbaycan da vasitəçilik missiyasını təklif edərdi. Amma ziddiyyətlər o qədər dərinə işləyib ki, burada vasitəçilik çətin uğura aparsın. Üstəlik, söhbət Krım uğrunda savaşdan gedirsə...

Faktiki olaraq S.Lavrov “Krım Rusiyanındır, nöqtə” bəyanatını vermiş oldu. İndi gözləyək, görək Ukrayna NİDAlı mövqe ortaya qoya biləcəkmi? Hər halda, ortada Azərbaycan təcrübəsi var...

“Yeni Müsavat”
Diaspora