Çində korrupsiyaya qarşı aparılan kampaniya çərçivəsində daha bir yüksək vəzifəli şəxs həbs olunub. Çin Ali Xalq Məhkəməsinin başladığı təhqiqat prosesi çərçivəsində Ümumçin Siyasi Məşvərət Şurası Milli Komitəsinin sədr müavini Lin Cixua həbs olunub.
Ölkənin ən yüksək rəhbərliyində təmsil olunan Lin Cixua, eyni zamanda, Çin Kommunist Partiyasının nüfuzlu departamentlərindən birinin də rəhbəri idi. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, partiya və dövlət sirrindən şəxsi maraqlar üçün yararlanma, partiya intizamını pozmaq, külli miqdarda rüşvət alma və digər maddələrlə təqsirli bilinir.
Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsi Siyasi Bürosunun qərarı ilə Lin Cixua partiya sıralarından və dövlət idarəçiliyindən uzaqlaşdırılıb.
Xatırladaq ki, ÇKP-nin İntizam Komissiyasının, Ali Xalq Prokurorluğunun və İctimai Təhlükəsizlik Nazirliyinin birgə təhqiqatı nəticəsində Lin Cixuanın cinayətkar əməlləri üzə çıxıb. Məlum olub ki, Lin Cixua qanunsuz əməlləri ilə külli miqdarda pul və əmlaka yiyələnib, vəzifə səlahiyyətlərindən istifadə edərək həyat yoldaşının biznes maraqlarını təmin edib, habelə yaxın qohumlarının onun vəzifəsindən yararlanmağına imkan yaradıb.