“Biz atəşin dayandırılmasını, xarici qoşunların ölkədən çıxarılmasını, sərhədin bağlanmasını tələb edirik”
Ukrayna prezidenti Pyotr Poroşenko fevralın 10-da separatçıların “Smerç” reaktiv atəş sistemi vasitəsilə zərbə endirdiyi Kramatorsk şəhərinə qəfil səfər edib. APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı faciənin baş verdiyi yerə və xəstəxanada müalicə oluna yaralılara baş çəkib.Şəhərin mərkəzində dağılmış evə baxış keçirərkən prezidentə raketlərin qalıqları təqdim edilib. “Bu, Kramatorsk şəhərinin mərkəzində mülki əhaliyə qarşı kasset sursatlarının tətbiq olunduğunu göstərir. Mənim əlimdə 90 km radiusa malik “Smerç” qurğusunun kasset raketi var. İnsanlıqdan uzaq olanlar dinc əhaliyə qarşı kasset bombalarından istifadə edir. Bu sübutları Minskdəki danışıqlarda və Avropa İttifaqında istifadə edəcəyəm”, - deyə o, bildirib.
P. Poroşenko “Smerç”in və onun sursatlarının Rusiya istehsalı olduğunu və Rusiya tərəfindən tətbiq edildiyini söyləyib: “Bu, insanlığa qarşı cinayətdir. İnsanlar cəbhədən 50 km uzaqda öz evlərində, küçələrdə, hərbçilərin olmadığı yerdə rus silahından ölür”.
Prezident dağılan evlərə baxdıqdan və xəstəxanada yaralıları ziyarət etdikdən sonra şəhərdə operativ müşavirə keçirib. O, heç bir şərt irəli sürülmədən atəşin dayandırılmasını tələb etdiklərini vurğulayıb: “Biz qeyd-şərtsiz sülh tələb edirik. Biz atəşin dayandırılmasını, xarici qoşunların ölkədən çıxarılmasını, sərhədin bağlanmasını tələb edirik. Onların burada nə işi var? Bizim daxilimizdə hər hansı münaqişə yoxdur. Biz ölkə daxilində kompromis tapacağıq. Biz sülhü, Kramatorsk şəhərində sabitliyi və bütövlükdə Ukraynanı qorumalıyıq. Məhz buna görə mən qeyd-şərtsiz atəşin dayandırılması və siyasi dialoqun başlanması məqsədilə Minskə gedirəm”.
Qeyd edək ki, Kramatorsk şəhərinin “Smerç” qurğusundan atəşə tutulması nəticəsində 29 hərbçi və 35 mülki şəxs zərər çəkib. Onlardan 16-sı ölüb, 10 yaralının durumu ağırdır.
Bu gün Minsk şəhərində “Normandiya dördlüyü” – Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılıb.