ABŞ və Avropa Birliyi Türkiyəni sıxma-boğmaya salaraq PKK-nı aktivləşdirib, 13 türk vətəndaşı öldürülüb, Ərdoğan Amerikanı “terroru dəstəkləyən dövlət” adlandırdı; politoloq: “Baydendən Türkiyəyə ”kürd kartı", Azərbaycana qarşı “erməni kartı” öncədən gözlənilən idi, lakin..."
Türkiyə ilə ABŞ arasında növbəti gərginlik yaşanmaqdadır. “Yeni Müsavat”ın Siyasət Şöbəsi yazır ki, “Ağ Ev”in yeni sahibi Cozef Bayden prezident səlahiyyətlərinin icrasına başlamasının 1 ayı tamam olmamış Ankara ilə əlaqələr alovlanıb.Baydenin seçki ərəfəsində verdiyi açıqlamalardan da görünür ki, Vaşinqtonun 20 yanvar inauqurasiyasından sonra xarici siyasət istiqamətində hədəflərindən biri Türkiyə olacaq.
Türkiyə hakimiyyətinin regionda və dünyada nüfuzunun artması, Aralıq dənizi sahillərində, Liviya və Suriya, o cümlədən Cənubi Qafqazda rolunun aktivləşməsi, Rusiya ilə yaxınlaşma, “S400" zenit raket sistemlərini alması gərginliyin yaranmasında əsas səbəblərdir.
Bayden NATO dövləti olan Türkiyəni özündən asılı vəziyyətdə görmək istəyir. Ərdoğan iqtidarının isə boyunduruq olmağı qəbul etməməsi Qərbdən təzyiqləri gücləndirib.
Bu sıxma-boğma siyasətində ABŞ-ın əlinə oynayan Avropa Birliyi də var. ABŞ və Avropa Birliyi Türkiyəyə qarşı daha çox “kürd kartı”nı işə salıb. Bu da gözlənilən idi.
Bir neçə ildir ki, Türkiyə dövlətinin PKK silahlı terror birləşməsini kifayət qədər zəiflətməsi, onun müqavimət imkanlarını sarsıtması bölgədə müəyyən sabitliyə səbəb olmuşdu.
Ancaq rəsmi Ankaranın xarici siyasətindən, Cənubi Qafqazda və digər bölgələrdə aparıcı gücə çevrilməsindən həyəcanlanan Qərb dünyası PKK marginallarını aktivləşdirib. Türkiyənin haqlı olaraq “Qara əməliyyatı”na başlaması, havadan və qurudan vuraraq Qara dağını dağıtması, PKK-nın isə 13 günahsız dinc türk vətəndaşını öldürməsi göstərir ki, ABŞ və AB bölgədə gərginliyin, terrorun olmasında maraqlıdır.
Belə çıxır ki, Türkiyə-ABŞ arasında növbəti 4 il daha gərgin keçəcək. Hətta vəziyyət o həddə çatıb ki, Ərdoğan Birləşmiş Ştatların ünvanına “terroru dəstəkləyən dövlət” ifadəsini işlədib.
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Qara bölgəsində həyata keçirdiyi “Pəncə Qartal-2" antiterror əməliyyatı zamanı ordu birləşmələri PKK-ya məxsus mağaraya daxil olarkən ancaq gözyaşardıcı qazdan istifadə edib.
Əməliyyat zamanı bir neçəsi axtarışda olan 51 terrorçu məhv edilib, ikisi sağ ələ keçirilib. Milli müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Millət Məclisində əməliyyatla bağlı hesabatı təqdim edərkən belə deyib.
Ümumiyyətlə, PKK və YPG adlı kürd yaraqlılarını silahlandıran gücün ABŞ olduğu kimsəyə sirr deyil. İndi bu yolla Ankaranı təzim etməyə çağırırlar. Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, iki NATO dövlətinin münasibətlərində gərginlik artacaq. Onun fikrincə, Türkiyənin Yaxın Şərqdə və Cənubi Qafqzda proseslərə əsaslı təsir etməsi, regionda söz sahibinə çevrilməsi Qərb dövlətlərini, habelə ABŞ-ı qıcıqlandırır. “Amerika hesab edir ki, hər yer onundur. Türkiyənin fəallaşmasına görə istər-istəməz təzyiq yolunu tutur. Bu zaman terror təşkilatlarını dəstəkləyir, müxtəlif təzyiq elementlərini işə salır.
Amma güman etmirəm ki, irimiqyaslı qarşıdurmaya gətirib çıxaracaq. Bütün hallarda PKK Türkiyə üçün bir maneə kimi saxlanacaq", - deyə partiya sədri vurğuladı.
Politoloq Züriyə Qarayevanın sözlərinə görə, 2008-ci ildə prezident seçilən Barak Obamanın hakimiyyəti dövründə, Suriyadakı vətəndaş müharibəsindən sonra münasibətlər gərginləşib:
“AK Partiya Donald Trampın prezident seçilməsinə böyük ümidlər bağlasa da, 2016-cı ildən münasibətlər nisbətən geriləyib. Çünki AK Partiyanın müstəqil siyasət aparması, Türkiyənin regionda söz sahibi olan ölkəyə çevrilməsi Ağ Evi narahat etməyə bilməzdi.
Bununla yanaşı, AKP-nin ana xətti olan PKK terror təşkilatının fəaliyyətinin dayandırılmasına cəhdlər Vaşinqtonun Yaxın Şərq planına maneədir.
ABŞ İncirlik hərbi bazasına ehtiyacı azaldan addımlar atmağa, nüvə başlıqlarını başqa yerə daşımağa istiqamətlənmiş tədbirlər görməyə başladı.
Bunun nəticəsidir ki, “F35" kimi yüksək texnologiyalı hərbi texnikanı Türkiyəyə verməməyi qərarlaşdırdı. Lakin Ərdoğan hakimiyyəti hava hücumundan müdafiə sistemi olan ”S400"ləri Rusiyadan aldı.
Türkiyə dünyanın iri silah ixracatçılarından asılılığı minimuma endirmək üçün son 15 ildə öz hərbi-sənaye kompleksini xeyli gücləndirərək, NATO-nun ABŞ-dan sonra ikinci böyük ordusuna çevrildi.
Türkiyə indi regionun qüdrətli ölkəsi olaraq, təsir gücünə malik aparıcı dövlətdir. Bütün bunlar ABŞ-ı narahat etməyə bilməz.
Hətta ABŞ-ın Yaxın Şərq siyasətinə dəyişiklik edən, müdaxiləçi siyasətdən uzaqlaşan Tramp belə Türkiyənin güclənən roluna göz yuma bilmədi. Ona görə Türkiyənin müdafiə sənayesinə ABŞ-ın CAATSA proqramı çərçivəsində sanksiyalar tətbiq edilməsi rəsmiləşdi".
Ekspert hesab edir ki, Co Baydenin xarici siyasətdə Amerikanı daha öncəki mövqeyinə qaytaracağı gün kimi aydın idi: “Xüsusən ABŞ-ın Rusiya ilə gərginliyi Türkiyəyə münasibətdə özəyi təşkil edir.
Bayden administrasiyasının Türkiyəyə qarşı “kürd kartı”, Azərbaycana qarşı “erməni kartı” öncədən gözlənilən idi. Lakin bu təhdidlərin sadəcə sözdə qalacağını düşünürəm. Xatırlayırsızsa, Obama da hakimiyyətə gələrkən eyni ritorikanın şahidi olmuşduq. Seçki kampaniyası dövründə qondarma “erməni soyqırımı”nı tanıyan ilk prezident olacağını söyləmişdi, ancaq etmədi.
Ölkələr arasında düşmənçiliklər olmur, sadəcə, maraqlar olur. Elə bu maraqlar baxımından da Türkiyə kimi NATO-nun ikinci güclü orduya sahib dövlətini, bütövlükdə regionda söz sahibinə çevrilmiş dövləti ABŞ kimi supergüc belə öz qarşısına almayacaq".
“Yeni Müsavat”