Türkiyənin baş naziri və Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbəri Əhməd Davudoğlu ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı arasındakı koalisiya hökuməti qurulması ilə bağlı görüş başlayıb. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Türkiyə Böyük Millət Məclisindəki (TBMM) MHP deputat qrupunun salonunda keçirilən görüşdən əvvəl Davudoğlu ilə Baxçalı mətbuat nümayəndələrinə qucaqlaşaraq poz veriblər.
Görüşdə Davudoğlunu daxili və ictimai təhlükəsizlik naziri Faruk Çelik, AKP-nin TBMM-dəki qrupunun rəhbəri Mahir Ünal, AKP-inin ümumi katibi Haluk İpək, keçmiş nəqliyyat naziri Lütfü Elvan, AKP-nin millət vəkili Ertan Aydının müşayiət edir.MHP heyətində Baxçalının köməkçiləri Semih Yalçın ilə Ahmet Kenan Tanrıkulu, MHP-nin parlamentdəki qrupunun rəhbəri Oktay Vural, ümumi katib İsmet Büyükataman və ümumi köməkçisi Mustafa Kalayçı var.