Bill Qeyts koronavirus pandemiyası başladığı gündən sosial mediada yayılan iddialara cavab verib.
“Microsoft”un qurucularından olan, 132 milyard dollarlıq sərvətiylə dünyanın ən varlı ilk 10 insanı arasında yer alan Bill Qeyts ona qarşı səsləndirilən iddialardan çox təəccübləndiyini deyib.Səsləndirilən iddialarda ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Antoni Fauçi və Bill Qeytsin pandemiyanı insanları idarə edə bilmək üçün yaratdıqları, bundan maddi qazanc əldə etmək və vaksindən istifadə etməklə insanları izləmək üçün bədənlərinə mikroçiplər yerləşdirəcəkləri haqda fikirlər yer alıb.
Qazilər.az xəbər verir ki, Bill Qeyts “Reuter”ə verdiyi açıqlamasında Fauçi və özü haqqında yayılan iddialara bu cür cavab verib: “Bu fikirlərdə mənim və Dr. Fauçinin adının hallanacağını heç kim təxmin edə bilməzdi. Şayiələrə çox təəccübləndim və yaxın zamanda bitəcəyinə ümid edirəm. Bu mövzuda araşdırma aparmalı və insanların davranışlarına necə təsir etdiyini, bunu azaltmaq üçün nələr edə biləcəyimizi anlamalıyıq”.
Qeyd edək ki, 2014-cü ildə “Microsoft”un idarə heyətinin sədri vəzifəsindən ayrılan Qeyts, qlobal aləmdə koronavirusla mübarizə üçün “Bill və Melinda Qeyts” vəqfindən 1,75 milyard dollarlıq vəsait ayırmışdır.
Firuzə Alimova / Qazilər.az