Ermənistan prezidenti Serj Sərkisyanın hərbi cinayətkar elan edilməsi ilə bağlı Azərbaycanda başlanan imzatoplama kampaniyası Türkiyədə maraqla qarşılanıb.
Qonşu dövlətin aparıcı kütləvi informasiya vasitələrindən “Türkiyə” qəzetində imzatoplama kampaniyasına həsr edilmiş “Sərkisyan hərbi cinayətkar elan olunsun” başlıqlı yazı dərc olunub. Buket Güvenin yazdığı yazıdaXocalı soyqırımı son dövrlərin ən böyük soyqırımlarından biri kimi dəyərləndirilir. Müəllif bildirir ki, Azərbaycan Xocalı soyqırımını törətmiş erməni hərbi birləşmələrinə rəhbərlik etmiş Ermənistan prezidenti Serj Sərkisyanın hərbi cinayətkar elan edilməsi ilə bağlı hərəkətə keçib. Yazıda qeyd olunur ki, 1992-ci ildə Dağlıq Qarabağın Xocalı qəsəbəsində Ermənistanın törətdiyi soyqırımı cəzasız qalmayacaq: “Azərbaycan Ermənistan prezidentinin Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunması üçün müvafiq addım atmağa hazırlaşır. Lazımi dəlilləri toplayan Azərbaycan Sərkisyanla bağlı dosyeni tamamladıqdan sonra Haaqa tribunalına müraciət edəcək. Sərkisyanın verdiyi bəyanatlar və müsahibələr də önəmli bir dəlil kimi nəzərdən keçirilir. Ermənistan prezidentinin ingilis tədqiqatçı Tomas de Vaala verdiyi müsahibədə söylədiyi fikirlər də Sərkisyanın hərbi cinayətkar kimi mühakimə olunması üçün dəlil kimi istifadə olunacaq. DosyedəXocalı soyqırımına dair işgəncə fotoları da yer alacaq”. Buket Güvenin yazısındaXocalı soyqırımına dair geniş məlumat da yer alıb.