“Bizim üçün cəhənnəm iyul ayından başladı” – ermənilər 2020-ci ili şərh ediblər

“Bizim üçün cəhənnəm iyul ayından başladı” – ermənilər 2020-ci ili şərh ediblər backend

Xəstəlik, məğlubiyyət, anaların göz yaşı – ötən il Ermənistan üçün belə keçib…

Erməni mətbuatı geridə qoyduğumuz 2020-ci ilin Ermənistan üçün necə keçdiyini şərh edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, erməni analitiklər ilin iki ayının ermənilər üçün normal rejimdə keçdiyini, martdan sonra isə ard-arda fəlakətlər yaşadıqlarını bildiriblər. Artıq mart ayında Ermənistan rəhbərliyi koronavirusla əlaqədar vəziyyətə görə ölkədə fövqəladə vəziyyət tətbiq edib. Digər ölkələrlə hava hərəkəti dayandırılıb, bütün təhsil və mədəniyyət müəssisələri müvəqqəti olaraq bağlanıb, tələbələr və məktəblilər məsafədən təhsilə keçiblər və ofis işçiləri məsafədən çalışıblar. Vətəndaşlara maska taxmaq və sosial məsafəni qorumaq tapşırılıb. Daha sonra sərt fövqəladə vəziyyət daha yumşaq bir fövqəladə vəziyyətə dəyişdirilib.

Erməni analitiklərin şərhlərinə görə, onlar üçün cəhənnəm iyul ayından etibarən başlanıb. Belə ki, iyul ayında Tovuzda vəziyyət daha da pisləşib, bir neçə gün sərhəddə döyüşlər olub.

Mətbuat daha sonra yazır: “Erməni xalqı nəfəs almağa macal tapmamış sentyabrın sonunda göydən yeni bir şimşək çaxdı. Qarabağda döyüşlər başladı. Və bu testin ən çətin olduğu ortaya çıxdı. Qarabağ döyüşü 44 gün davam etdi. Qüvvələr qeyri-bərabər idi və nəticədə ermənilər geri çəkilməli oldular. Ən dəhşətli xəbər Qarabağ münaqişəsi zonasında tam atəşkəs və hərbi əməliyyatlar barədə üçtərəfli bəyanatın imzalanması idi. Ermənistan, Rusiya və Azərbaycan başçıları - Nikol Paşinyan, Vladimir Putin və İlham Əliyevin imzaladığı bəyanata görə, erməni tərəfi bir sıra ağrılı ərazi güzəştləri ilə razılaşdı. Minlərlə ölü, yüzlərlə itkin düşən və əsir, on minlərlə qaçqın, dağılan evlər və mülki infrastrukturlar - erməni xalqı Qarabağdakı müharibənin faciəli nəticələrini hələ də hiss edir”.

Mətbuat həmçinin yazır ki, bütün bu baş verənlər indi Ermənistanda daxili siyasi böhrana səbəb oldu. Müxalifət baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefasını tələb etdi. Yerevanda hakimiyyət müxaliflərinin mitinqləri və yürüşləri demək olar ki, hər gün keçirilir. Paşinyan özü könüllü istefa verməkdən imtina edir, lakin ölkədə erkən seçki keçirməyi düşünməyə hazırdır: “Qeyri-müəyyənlik və qeyri-sabitlik - 2020-ci ili belə başa vurub yeni, 2021-ci ilə qədəm qoyuruq. Bu Il də fəlakətlərin davam etməyəcəyinə əmin deyilik”.

Ermənistan prezidenti Armen Sarkisyan isə Yeni illə bağlı televiziya müraciətində bildirdi ki, ölkədəki vəziyyətin səbəbi Qarabağ münaqişəsinin kəskinləşməsi nəticəsində yaranmış reaksiya, dövlət idarəetmə sistemindəki qeyri-mütəşəkkillik, məsuliyyətsizlik və qeyri-peşəkarlıqdır.
Diaspora