Çin rəhbərliyinin Uyğurlara Ramazan ayında oruc tutmaları və digər ibadətlərinə maneə yaratdığı ilə bağlı iddialar yerində araşdırılıb.
QAZİLER.AZ xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Anadolu Agentliyi Uyğurların yaşadığı bölgəyə gedərək orada onların necə yaşadığını müşahidə edib. Urumçidə oruc qadağası ilə bağlı hər hansı bir bəyanat və ya elan olmadığı məlum olub. Uyğurlar qadağalarla bağlı suallara qısa cavablar verirlər və oruc tutduqlarını ifadə edirlər. Onların gündəlik həyatından şəkillərdə müsəlmanların ibadətlərini yerinə yetirdiyi görünür. Urumçi başda olmaq üzrə uyğurların sıx yaşadığı bölgələr təhlükəsizlik tədbirləri yüksək səviyyədədir.Təhlükəsizlik qüvvələrinin çox sayda ərazidə avtomat silahlarla keşik çəkdiyi şəhər mərkəzində, terrorla mübarizə tədbirləri adı altında tədbirlər görülür. Taksi sürücülərinin hücuma məruz qalma riskinin qarşısını almaq üçün onlar yanlarındakı kresloya sərnişinlərin oturmasına icazə verilmir.
Bölgədə şəkil çəkmək təhlükəsizlik qüvvələri tərəfindən xoş qarşılanmır. Xalqın qorxu dolu baxışları və reaksiyası şəkil çəkilməsini olduqca çətinləşdirir.
Urumçinin mərkəzində olan Böyük Bazar bölgəsindəki Körpü məscidində günorta namazında hər yaşdan uyğur görmək mümkündür. Məsciddə saqqallı müsəlmanlar və uşaqlar da ibadət edir. Namazlarla yanaşı, arzu edənlər məscidə gəlib “Qurani Kərim” oxuyur
Uyğurlara bölgədə dini inanclarla bağlı məhdudiyyət olub olmadığı mövzusunda suallar soruşulanda simaları dəyişir. İnsanlar narahat bir üz ifadəsiylə mənfi cavab verməkdən yayınırlar.
Şəhərin mərkəzi yerlərində oruc qadağası ilə bağlı konkret bir bəyanat və ya afişa asılmayıb. Çində ötən ilin əvvəlində qüvvəyə minən terrorla mübarizə haqqında qanunundan sonra ölkədə bəzi mövzularda qadağalar gündəmə gəlib. Bu qadağalara dair afişa və broşuralara Urumçidə bir çox bölgədə rast gəlmək olur.
Çində qadağalarla bağlı afişa
Çin rəhbərliyinin qəbul etdiyi qadağalara görə, rəsmi nikahı olmayan cütlərin kəbninin kəsilməsi, dini üsulla boşanma, məktəbdə təhsilini davam etdirən şagird və yetkinlik yaşına çatmayanlara namaz qılmaq, oruc tutmaq və ya "Qurani Kərim" oxumağı öyrənmək istiqamətində təlqinlər edilməsi qadağan edilir. Qeyri-qanuni Quran kursu açmaq, rəsmi təsdiq olmadan dini məqsədlər üçün şagirdləri bir yerə toplamaq və toy, cənazə kimi mərasimlərdə dini təbliğ etmək də qadağan olunur. Sincan Uyğur Muxtar Rayonu tarixi Kaşğar vilayəti, yerli uyğur əhalinin sıx məskunlaşdığı yerlərdir. Urumçidə olduğu kimi, şəhər mərkəzini əhatə edən əsas yol və körpülərin üzərində polis idarələri var. Şəhərdə hər küçə və küncdə onlarla silahlı polis gözləyir. Tarixi şəhərdə olan məşhur İd Kah (Eidgah) Məscidi ətrafındakı dükanların demək olar ki hamısını yerli uyğur biznesmenlərə məxsusdur. Burada da Urumçidə olduğu kimi vətəndaşlar video və foto çəkilməsini reaksiyayla qarşılayır.
Bəzi Kaşğar uyğurları oruc qadağası və ya məhdudiyyətlərlə bağlı təzyiqlərin olduğunu etiraf edir. Xüusislə, dövlət dairələrində qadağan tətbiq olunduğu iddia olunur. Polislər xüsusi rejimdə işləyərək insanları diqqətlə nəzərdən keçirir. Şəhərdə təhlükəsizlik məsələsinə həddən artıq önəm verilir.
Türkiyədə Çindəki oruc qadağası ilə bağlı yayılan xəbərlərin ardından bir çox bölgədə etiraz nümayişləri təşkil edilib. Bu etirazlar Azərbaycanda da baş tutub. İyulun 1-də Çinin Bakıdakı səfirliyinin binası qarşısında keçirilən aksiyaya təxminən 70-ə yaxın gənc toplaşıb. Onlar Çində yaşayan Uyğur türklərinə qarşı aparılan siyasətə qarşı etirazlarını bildiriblər.
Çin isə 1 iyulda verdiyi rəsmi bəyanatda bu etirazların həqiqəti əks etdirmədiyini bildirib. Çin xarici işlər nazirliyinin sözçüsü Hua Çunyinq Sincan Uyğur Muxtar Rayonunda müsəlmanların oruc və digər ibadətlərinin məhdudlaşdırılmadığını bildirib.