Paşinyanın hələ də hakimiyyətdə qalmasının 2 əsas səbəbi – biri müxalifətin zəifliyi...

Paşinyanın hələ də hakimiyyətdə qalmasının 2 əsas səbəbi – biri müxalifətin zəifliyi... backend

Ermənistanda müxalifətin “İstefa!” şüarı ilə baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları davam edir.

Növbəti belə kütləvi tədbir sabah - dekabrın 14-ə planlaşdırılır. Lakin müşahidə olunan budur ki, müxalif düşərgə artıq “sorosçu” baş nazirə güc gələ bilmir. Paşinyanı artıq hətta nə terrorla hədələnmələr, nə də ultimatumlar qorxudur.

Beləcə, Nikol Paşinyanın 10 noyabr kapitulyasiya sənədinə imza atmasından bir aydan çox vaxt keçməsinə rəğmən, “yük” hələ də köhnə yerindədir. Görəsən niyə?

“Vestnik kavkaza” portalı yazır ki, ermənilərin xeylisi köhnə rejimin qayıdacağından narahat olduğu üçün İrəvandakı etirazların miqyası böyük deyil. Bu gün meydanlarda Paşinyanın iki il yarım əvvəl Serj Sarkisyanı devirmək üçün uğurlu etiraz kampaniyasında topladığı 100 000-dən daha az etirazçı var. İndi yeni bir vətəndaş itaətsizliyi taktikası tətbiq olunur. Və bu proses müəyyən mənada 2018-ci il hadisələrinin əks-sədasını daşıyır: müntəzəm yürüşlər və yolların kəsilməsi. Ən populyar şüarlar: “Serj - davam et!” və “Nikol - xaindir!”

Ancaq ictimai ovqat 2018-ci ilə nisbətən nəzərəçarpacaq dərəcədə bədbindir. Əksər nümayişlərdə polisin daha böyük iştirakı görünür və nümayişçilərlə polis arasında müntəzəm toqquşmalar baş verir. Bu yaxınlarda İrəvanın Respublika Meydanında keçirilən etiraz aksiyasında bir yaşlı kişi “Vazgen Manukyan - baş nazir!” yazılmış lövhə tutub.

649efafb-2ac9-3228-822b-75966ae5e6da_824.jpg (124 KB)

Polis məmuru isə onun üstünə qışqıraraq deyib: “Ando, bir də burada görünsən, səni psixiatriya xəstəxanasına göndərərik”. Bir qrup qadın isə Andoya yaxınlaşaraq yüksək səslə: “Sən, Köçəryanın adamısan!” deyib. Baş verənləri müşahidə edən başqa bir polis isə Eurasianet-ə bildirib: “Hamısı dəlidir, bizim ənənəvi cəmiyyətimiz belədir”.

“Paşinyan və komandasının səriştəsiz olması heç kimə sirr deyil” - Ermənistanın 30 yaşlı digər sakini Arsen Babayan deyir. “Onlar daha çox ictimai fikri manipulyasiya etməyi bacarırlar, nəinki böhran menecerləri adlana bilərlər” – Babayan düşünür. Lakin onun fikrincə, müxalifətin irəli sürdüyü alternativ (vahid namizəd, keçmiş baş nazir Vazgen Manulyan – red.) də işə yaramır: “Mən o qədər də gənc deyiləm, Manukyanın kim olduğunu bilirəm. O, heç də ən yaxşı alternativ deyil. Radikal baxışlara sahib köhnə siyasətçidir. Biz 1990-cı illərdə qorxu içində yaşayırdıq”.

Nümayişdə iştirak edən və adının çəkilməməsini istəyən hərbçilərdən biri isə artıq xaricə mühacirət imkanlarını nəzərdən keçirdiyini söyləyib: “Buradakı vəziyyət hər an ölüm gözlədiyimiz müharibədən daha qəlizdir. İnsanlar evlərini itirdilər, hamı sözün əsl mənasında dəli olub, amma əsl dəli Nikol çıxıb getmək istəmir. Əgər getməsə, mən getməliyəm”.

Qeyd olunduğu kimi, etirazlara baxmayaraq, Nikol Paşinyan küçədəki insanların erməni ictimai rəyini təmsil etmədiyini əsas gətirərək istefa etməkdən imtina edir. “İstefamı tələb edənlərin yüzdə 90-ı istefamı 2018-ci ilin iyunundan bəri tələb edənlərdir” - 9 dekabr parlament iclasında çıxışında baş nazir deyib. “İnsanlar mənim güllələnməyimi, asılmağımı tələb edirsə, mən vurulmalı və ya asılmalıyam, ancaq bu ayrı-ayrı qrupların deyil, əksər insanların fikri olmalıdır”.

Media.am xəbər saytının jurnalisti Karine Kazaryana görə isə, hökumət indiyə qədər mövcud etirazları köhnə rejimlə əlaqələndirməklə onun təsirlərini zəiflətməyi bacarıb. O, hökumətin virus kimi yayılan bir video hazırladığını və orada Ermənistanın təslimçi sənədi imzalanmasından dərhal sonra parlamentə basqın edən izdiham iştirakçıların çoxunun keçmiş rejimlə əlaqəli olduğunun əks edildiyini bildirib. “Hökumət bu epizoddan istifadə edərək öz yanaşmasını belə təqdim edir: “Siz istəyirsiniz ki, onlar gəlib bizi əvəzləsin?”

Jurnalistin sözlərinə görə, kimsə gəlib “Mən sənin liderin olacağam” deməlidir. “Vazgen Manukyana elitanın dəstəyi azdır, Serj Sərkisyan isə (eks-prezident – red.) kifayət qədər iddialı deyil. Manukyan keçmişin rəmzidir. Zəif müxalifət Paşinyanın hələlik hakimiyyətdə qalmasının əsas səbəbidir”, - Kazaryan əlavə edib.

Musavat.com