Türkiyəli nazirin demədiyi sözlər Rusiyada aranı qatdı

Türkiyəli nazirin demədiyi sözlər Rusiyada aranı qatdı backend

Fəxrəddin Qocanın müsahibəsində onun adından Rusiya vaksini ilə bağlı deyilənlər təkcə Rusiyada deyil, dünyada ciddi reaksiya doğurub

Koronavirusun pandemiyası dünyanı “caynağından” buraxmaq istəmir. ABŞ-da koronavirusdan ölənlərin sayının İkinci Dünya müharibəsində amerikalıların verdiyi itkilərdən çox olması barədə statistika xəstəlyin bu ölkədə necə qorxunc vəziyyət yaratdığını sübut edir.

İkinci Dünya müharibəsindəki döyüşlər zamanı 291 557 nəfər amerikalı həlak olub. Cons Hopkins adına Universitetin məlumatına görə isə dekabrın 10-da yeni növ koronavirusdan ölənlərin sayı 292 141 nəfərə çatıb. Təkcə dekabrın 9-da ABŞ-da 3124 nəfər koronavirusdan ölüb. Bu da 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş vermiş terror aktında ölənlərdən çoxdur.

Bəzi ölkələrdə qadağaların sərtləşdirilməsinə qarşı etirazlar səngiməsə də, məsələn, tibbin inkişaf etdiyi 10 milyonluq İsrail yenidən sərt karantin rejiminə qayıdıb, ölkə kütləvi peyvənlənməyə hazırlaşır. 85 milyonluq Türkiyə də sərt karantin rejimi ilə yanaşı peyvənləndəməyə qərar verilib. Qonşu İranda isə ötən gün infeksiyasından 232 nəfər ölüb. Bununla da İranda koronavirusdan ölənlərin sayı 51 728 nəfərə çatıb.

Rusiyada da vəziyyət ciddidir və bu ölkə də peyvələndməyə start verib. Rusiyada koronavirus əleyhinə peyvəndin bu ilin yayında qeydiyyatdan keçirilməsindən sonra ilk dəfə Moskvada peyvəndlənmə başlanılıb. Artıq ilk könüllülər tibb müəssisələrində peyvənd olunublar.

Koronavirus əleyhinə peyvənd olunma iki mərhələdə həyata keçirilir. İlk öncə könüllüyə peyvəndin birinci komponenti, 21 gündən sonra isə ikinci komponenti vurulur. Birinci və ikinci doza peyvəndlər bir-birindən tərkibindəki aktiv maddələrə görə fərqlənirlər. Bu cür sxem orqanizmin immun müdafiəsinin gücləndirilməsi üçün vacibdir.



Peyvənd olunmaq istəyən qadınların mütləq mənfi hamiləlik testi olmalıdır. Qadın və kişilərə peyvənd olunmağa bir halda icazə verilir ki, peyvənd olunduqdan sonra ilk üç ay müddətində uşaq planlaşdırmasınlar. Peyvənd vurulandan sonra ilk üç gün hərarətin qalxması mümkündür. Belə ki, pasiyentdə 37-38 dərəcə temperatur müşahidə olunur. Lakin sonra hərarət düşür

Rusiyanın dərman industriyası COVİD-lə mübarizədə əvvəl də pul qazanmağa çox həvəsli idi. Pandemiyanın ilk aylarında Rusiya istehsalı olan “Arbidol”a tələbat böyük oldu. Bu dərman hələ Sovet İttifaqı zamanında sovet əczaçıları tərəfindən sintez edilmiş, yalnız 1988-ci ildə dərman kimi satılmağa başlamışdı. “Arbidol”un yüksəliş tarixi 2009-cu ildə dünyada baş qaldıran quş qripi xəstəliyi ilə başlamışdı. Hazırda koronaviruslu xəstələrə təyin olunan “Arbidol” yenə də yaxşı gəlir gətirir.

Sputnik V ilə bağlı da Rusiyanın ümidləri böyükdür. Bəzi ölkələr bu vaksini almaqla bağlı Rusiya ilə müvafiq sənədlər imzalayıblar.

Virusun dünyada yenidən əzrayıla çevrildiyi bir vaxta isə vaksinlərlə bağlı əsl “soyuq müharibə” başlayıb. Bu, xüsusilə Rusiya vaksinləri ilə bağlı özünü göstərir.

“Türkiyə Rusiyadan koronavirus vaksini almayacaq”. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qocanın iki gün əvvəl “HaberTürk” qəzetinin yazarı Fateh Altaylıya müsahibəsində dediyi bu fikir Rusiyada və dünyada ciddi reaksiya doğurub.
Jurnalist nazirə istinadən bildirib ki, Rusiyada istehsal olunan vaksin “Etibarlı laboratoriya praktikası” (beynəlxalq standartdır; ingiliscə: “Good laboratory practice” – GLP) şərtlərinə cavab verməyib: “Rusiya bu işin öhdəsindən gələ bilmədi. Bu səbəbdən Dünya Səhiyyə Təşkilatının və dünya ölkələrinin bu vaksini alması mümkün deyildi. Bizdə də bu vaksinə lisenziya verilməsi mümkün deyil. Ona görə Rusiya vaksini artıq bizim maraq dairəmizdən çıxıb”-deyə, qəzet nazirdən sitat gətirib.

Fəxrəddin Qoca əlavə edib ki, Türkiyə dövləti bu aydan ölkədə koronavirusa qarşı kütləvi vaksinasiyaya başlamağı, gələn ilin yayınacan 50 milyon vətəndaşın peyvənd olunmasını planlaşdırır. Peyvəndləmə zamanı bir nəfərə fasilələrlə iki dəfə, yəni iki dozada vaksin vurulduğuna görə 50 milyon adamı peyvənd etdirmək üçün 100 milyon dozada vaksin lazımdır.

Fəxrəddin Qoca artıq 50 milyon doza vaksin almaq üçün Çinin “Sinovac” şirkəti ilə müqavilə bağlandığını, daha 25 milyon dozada vaksin almaq üçün isə ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətləri ilə danışıqlar aparıldığını bildirib.



Müsahibə dərhal Rusiyada əsl “bomba” effekt doğurub. Rusiya və Türkiyə arasında hazırda bəzi siyasi məsələrdə fikir ayrılığı olsa da, dövlətlərarası münasibətlərdə həm Moskva, həm də Ankara ehtiyatlı davranmağa üstünlük verir. Buna sübut olaraq, bir neçə gün əvvəl Rusiyanın NTV kanalının jurnalistlərin saxlanmasını göstərmək olar. Jurnalistlər hərbi obyektdə icazəsiz çəkiliş apardıqları üçün saxlanılmışdılar. Amma məsələ çox böyümədən iki ölkə arasında diplomatik kanallarla yoluna qoyuldu. Bu səbəbdən Rusiya vaksinlərinə qarşı antitəbliğat olduğu həssas məqamda türkiyəli nazirin dedikləri reaksiya doğurmaya bilməzdi. Amma bir neçə saatdan sonra Qoca bu məlumatı təkzib edib. Nazir əlavə edib ki, Türkiyə aprel ayına qədər Rusiyadan 100 milyon doza Sputnik V almağı planlaşdırır.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, Rusiya peyvəndinə qarşı kampaniya xaricdən maliyyələşir və yönləndilir. Onun sözlərinə görə, Rusiya vaksininə qarşı təbliğat üçün həm ölkə daxilində, həm də xaricdə böyük vəsait ayrılıb. O deyib ki, Rusiyanın internet seqmentlərində peyvənddən guya ziyaçəkənlərlə bağlı yalançı şahid ifadələri yayılır, iddia olunur ki, guya Rusiya ordusu da peyvənddən imtina edib.

Rusiya rəsmisi Türkiyənin Sputnik V-dən imtina etməsi ilə bağlı yalan xəbəri şərh edərək bunu dərman şirkətlərin rəqabət və ya siyasi səbəblərdən ola biləcəyini deyib.