Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamentinin direktor müavini Mariya Zaxarova “Facebook”da “xoxol” sözünə qoyulan qadağaya münasibət bildirib.
İKT.lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, M. Zaxarova “Facebook”da bu ifadənin istifadə edildiyi səhifələrin blok olunmasını senzuranın “çox təhlükəsi və ən axmaq” təzahürü adlandırıb.
“”Facebook”da ... sözünün istifadəsinə görə akkauntların blok olunmasını senzuranın təzahürü hesab edirəm. Lakin bu, adi senzura yox, ən axmaq və bu səbəblə çox təhlükəli senzuradır. “Facebook”da insanları təcrid edən personalın təhsil səviyyəsi görəsən necədir?”, - deyə M. Zaxarova özünün “Facebook” səhifəsində yazıb. O, sosial şəbəkədə daha hansı ifadələrdən istifadənin qadağan olunması ilə maraqlanıb və deyib ki, klassik ədəbiyyatda keçən və “Facebook” moderatorlarının yolverilməz saydığı bəzi ifadələrin taleyi görəsən necə olacaq?..
Qeyd edək ki, ukraynalılar “xoxol” sözünü təhqir sayır. Bu ifadə Rusiya İmperiyasının dövründə ukraynalıları aşağılamaq və ələ salmaq üçün istifadə olunub. “Facebook” “xoxol” sözündən istifadə etdikləri üçün “Roskomnadzor”un sədr müavini Maksim Ksenzov və rusiyalı yazıçı Eduard Bağırovun səhifələrini blok edib. Daha sonra hər iki şəxs öz “Facebook” səhifəsini silib.