Avropa Komissiyası Yunanıstanın avrozonadan mümkün çıxması ssenarisini hazırlamağa başlayıb. QAZİLER.AZ xəbər verir ki, APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə avrozona sammitinin yekunlarına dair Avropa Komissiyasının sədri Jan Klod Yunker bildirib.
“Avropa Komissiyası Yunanıstanın avrozonadan çıxması ssenarisini nəzərdən keçirməyə başlayır. Mən bunu istəmirəm, amma Yunanıstan lazım olduğunu etməzsə, mən bunun qarşısını ala bilmərəm”, deyə o qeyd edib.
Qeyd edək ki, avrozona sammiti Yunanıstanın üzərinə iyulun 9-dək islahatlar proqramının Brüsselə təqdim edilməsi ilə bağlı öhdəlik qoyub.
“Yunanıstan üzrə danışıqların pozulması onun müflisləşməsi deməkdir”, deyə Aİ Şurasının sədri Donald Tusk bildirib. “Yunanıstan üzrə razılaşmaya nail olmaq üçün son müddət iyulun 12-də bitir. Qeyd edək ki, iyulun 12-də Brüsseldə Yunanıstanla bağlı növbəti sammit keçiriləcək”, deyə Tusk bildirib.
“Görüş iki formatda – Aİ üzvü olan 28 ölkənin hamısının iştirakı ilə və avrozonaya daxil olan 19 ölkənin iştirakı ilə keçiriləcək. Qarşımızda hamıya aidiyyəti olan kritik bir məsələ durub”, deyə Tusk qeyd edib.
“Yunanıstanın avrozonadan çıxmasının fəsadları tək avrozona ölkələri üçün deyil, həmçinin Bolqarıstan və Rumıniya və digər ölkələr üçün zərbədir. Bu məsələni onların iştirakı olmadan müzakirə etmək ədalətsiz olardı”, deyə Tusk vurğulayıb.