“Facebook”un qurucusu Marz Zukerberq sosial media platformalarının gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
QAZİLER.AZ xəbər verir ki, İKT.lent.az-ın xəbərinə görə, M. Zukerberq bildirib ki, artıq insanların öz hisslərini və düşüncələrini telepatik yolla başqalarına ötürə biləcəyi günlər yaxındadır.
İnsanların mesajlaşarkən əvvəllər daha çox mətn yazmaq məcburiyyətində qaldıqlarını xatırladan “Facebook” rəhbəri, hazırda foto və videolardan daha çox istifadə olunduğunu söyləyib: “Yaxın gələcəkdə isə bütün duyğularımızı istədiyimiz an digər insanlarla bölüşə biləcəyik. Əvvəllər böyük kompüterlərdən istifadə edirdik, indi kompüterlər cibimizə sığır. Ancaq biz bu cihazlardan davamlı deyil, günün müəyyən hissələrində istifadə edirik. Gələcəkdə texnologiyaların inkişafı nəticəsində bu cihazlardan fasiləsiz istifadə edə biləcəyik. Bu da aramızdakı kommunikasiyanı inkişaf etdirəcək”.
31 yaşlı iş adamı inanır ki, bəşəriyyət gələcəkdə insanların fikirlərini ötürə biləcək texnologiya yaradacaq. O, həmin funksiyanın sosial şəbəkələr vasitəsilə həyata keçiriləcəyini vurğulayıb: “İnsanlıq həmin andan etibarən ən yüksək kommunikasiya səviyyəsinə çatmış olacaq”.
Özünün yeni texnologiyanın yaradılmasında iştirakına gəlincə, Zukerberq bu haqda heç nə deməyib.