Ukrayna Milli Qvardiyasının bölmələri Donetsk vilayətinin Mariupol şəhəri ətrafında hücum əməliyyatına başlayıb.
APA-nın xəbərinə görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov hazırda Mariupoldadır. “Milli Qvardiyanın bölmələri düşmənin müdafiəsini yararaq hücuma keçiblər”, - deyə Şuranın rəsmi açıqlamasında bildirilib.Əməliyyatda iştirak edən “Azov” alayının “Facebook” səhifəsində artıq Pavlopol, Kominternevo və Şirokino kəndlərinin azad edildiyi xəbər verilib. Ukrayna daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak hazırda Saxanka və Oktyabr kəndlərinin azad edilməsi uğrunda döyüşlər getdiyini deyib: “Hazırda bizim əsgərlər Saxanka və Oktyabr kəndləri uğrunda amansız döyüşlər aparır. Toqquşmalarda terrorçuların xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Cənub cəbhəsində qarşıdurma davam edir”.
Ali Radanın üzvü Dmitri Linko isə Mariupol ətrafında hücuma keçən Ukrayna əsgərləri arasında ölən və yaralananlar olduğunu açıqlayıb. O, qarşı tərəfin itkilərinin daha çox olduğunu vurğulayaraq dəqiq rəqəm söyləməyin hələlik mümkün olmadığını bildirib.
Qeyd edək ki, mühüm strateji əhəmiyyətə malik Mariupol şəhəri separatçıların hədəfində olan əsas nöqtələrdən biridir. Ukrayna tərəfi hazırda cəbhə xəttini şəhərdən mümkün qədər uzaqlaşdırmağa çalışır.