Əlavə saniyə dünya internet şəbəkəsinə necə təsir göstərib?

Əlavə saniyə dünya internet şəbəkəsinə necə təsir göstərib? backend

Dünya internet trafikinin tədqiqi ilə məşğul olan “Dyn” analitik şirkətinin məlumatına görə, iyunun 30-da gecə yarısında ümumdünya koordinasiya vaxtı (UTC) üzrə dünyada 2 minə yaxın kompüter şəbəkəsinin fəaliyyəti dayanıb. Onların təxminən yarısı Braziliyada olub ki, bu da orada əlavə saniyəyə hazır olmayan köhnə marşrutlayıcı modellərin yayılmasından xəbər verir.



Şəbəkələrin əksəriyyəti tezliklə işə salınıb. Fasilənin yaranmasına əsas səbəb kimi marşrutlayıcının artıq yüklənməsi göstərilir.

Gecə yarısından dərhal sonra qlobal marşrutlayıcı cədvəlində dəyişikliklər tezliyi 30 saniyə ərzində 800 minədək artıb.

İnternetin 500 min ayrı-ayrı şəbəkədən ibarət olan meqaşəbəkə olmasını nəzərə alaraq belə qənaətə gəlmək olar ki, internet infrastrukturunun təxminən 0,5 faizi əlavə saniyəyə görə problemlə üzləşib.

İnternetlə bağlantısı olan kompüter şəbəkələrinin əksəriyyəti vaxtı müəyyənləşdirmək üçün ümumdünya koordinasiya vaxtı ilə əlaqədar "NTP” (Network Time Protocol) protokolundan istifadə edir.

2012-ci ildə analoji vəziyyət daha geniş problemlərə səbəb olub. O zaman “Linux” sistemləri ziyan çəkib və "LinkedIn” kimi bir neçə iri saytın fəaliyyəti dayanıb. Lakin bu dəfə şirkətlərin çoxunun vəziyyətə daha yaxşı hazır olmasına görə problemin miqyası geniş olmayıb, - "Telekomza” yazır.
Diaspora