Bu ilin may ayında Rusiyadan Ermənistana daxil olan fərdi transfertlərin həcmi əvvəlki ilin müvafiq dövprü ilə müqayisədə 38 milyon dollar, yaxud 37 faiz azalaraq 66 milyon dollara düşüb.
ANS PRESS-in məlumatına görə, bu xəbəri yayan Ermənistan Mərkəzi Bankı bildirib ki, 2014 il may ayında bu ölkəyə Rusiyadan daxil olan fərdi transfertlər 104 milyon dollar olmuşdu.Mərkəzi Bankın məlumatına görə, Rusiya transferlərində baş vermiş azalma bütövlükdə may ayında Ermənistana daxil olan fərdi transfertlərin azalması ilə nəticələnib. 2015-ci ilin may ayında bu ölkəyə bütün dünyadan daxil olan fərdi transfertlər 34,4 milyon dollar, yaxud 29% azalaraq 84,3 milyon dollar təşkil edib. Göründüyü kimi, əsas azalma Rusiyanın hesabına olub. Çünki Ermənistana fərdi transfertlərin 85%-i məhz Rusiyadan daxil olur.
Bütünlüklə, rəqəmlər son illərdə Ermənistanda xərclənin hər iki dollardan birinin, bəlkə də daha artığının birbaşa Rusiyadan gəldiyini söyləməyə imkan verir. Məsələn, 2013-cü ildə Rusiyadan bu ölkəyə 1,6 milyard dollar daxil olub ki, həmin il Ermənistan büdcəsi təxminən 2,7 milyard dollar təşkil edib.
Məhz bu səbəbdəndir ki, Dünya Bankı Ermənistanı iqtisadiyyatı fərdi transfertlərdən ən çox asılı olan 10 ölkənin sırasına salıb. Fərdi transfertləri ümumi daxili məhsulun (ÜDM) 22%-nə bərabər olan ölkələr sırasında Ermənistan Haiti ilə birlikdə 7-ci yeri bölüşür. İlk onluğa Tacikistan (47.5%) , Qırğızstan (31.5%), Nepal (28.8%), Moldova (24.9) və Toqo (23,8) da daxildir.
Müqayisə üçün bildirmək olar ki, Ermənistanın yaxın qonşusu olan Gürcüstanda bu göstərici 12%-ə, Azərbaycanda isə 2,9 faizə bərabərdir.
2015-ci il üçün Ermənistan 2,7 milyard dollar büdcə gəlirləri planlaşdırır. Rusiyadan gələn transfertlərin azalması ticarət və xidmət kimi müxtəlif sahələrə də mənfi təsir göstərərək gəlirləri azaldacaq. Beləliklə, Rusiyadan daxil olan birbaşa pulları azalan erməni ailələrinə öz ölkəsinin iqtisadiyyatının verdiyi qəpik-quruş da azalacaq. Bu isə Ermənistandan yeni mühacirət dalğasını gücləndirəcək.