İşğalçı Ermənistanla İsrailin ticarət həcmi Azərbaycanla müqayisədə onlarla dəfə azdır…
Bəlli olduğu kimi, Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin üzdəniraq rəhbəri Arayik Arutyunyan Azərbaycana hücum silahları satan İsrail rəsmilərinin “Qarabağdakı soyqırım”da məsul olması barədə sərsəm bir çıxış edib.Moderator.az-ın İsrailin NEWSru.co.il portalına istinadla verdiyi xəbərə görə, bu günlərdə həmin nəşr oxucular arasında bir sorğu keçirib. Sorğu zamanı respondentlərdən Qarabağda - Ermənistan-Azərbaycan savaşı zonasında vəziyyətin gərginləşməsi barədə fikirlərini bildirmələri istənilib. Xüsusilə, "İsrailin Azərbaycana silah tədarük etməsinə münasibətiniz necədir?" sualına cavablar təhlil edilib. Sorğuda iştirak edən yəhudilərin 41% -i bu barədə bitərəf, 29% -i müsbət, yalnız 25% -i mənfi münasibət ifadə edib.
İsrail nəşri onu da qeyd edir ki, İsrail Azərbaycan-Ermənistan münaqişəsində bitərəf mövqe tutur. Eyni zamanda, Azərbaycan Müdafiə Nazirliyinin hesabatlarına əsasən İsrail bu ölkənin əsas silah tədarükçüsüdür. Həmçinin, İsrail Azərbaycan neftinin ən böyük idxalçılarından biridir. Və İsraildə Azərbaycandan köçmüş təxminən 80 min yəhudi yaşayır.
“İsrail ilə Ermənistan arasındakı münasibətlər mehribandır. Lakin bu ölkə ilə ticarət həcmi Azərbaycanla müqayisədə onlarla dəfə azdır. İrəvanla münasibətləri İsrailin 1915-ci il qondarma “erməni soyqırımı”nı tanımaması, eləcə də Ermənistan və İran arasındakı sıx iqtisadi əlaqələr ilə çətinləşdirir” – yəhudi saytı belə yazır.
Məqalədə vurğulanır ki, İsrailin siyasi rəhbərliyi bütün deyilənləri və xüsusən Azərbaycanla strateji tərəfdaşlığın vacibliyini vurğulayaraq Qarabağdakı son gərginliyi rəsmən şərh etməkdən çəkinir.