Azərbaycandan qaçan bankir beynəlxalq axtarışa verildi

Azərbaycandan qaçan bankir beynəlxalq axtarışa verildi backend

“Royalbank”ın sabiq filial müdiri Rinad Məmmədli beynəlxalq axtarışa verilib. Lent.az-ın İnterpol-a istinadən verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü R.Məmmədli mənimsəmə və ya israf etmə, pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, vəzifə saxtakarlığı kimi cinayət əməllərində təqsirli bilinir.

R.Məmmədli məhkəmə prosesindən yayındığı üçün ölkədaxili axtarışa verilib və daha sonra onun ölkəni tərk etdiyi məlum olub.

Qeyd edək ki, “Royal Bank”ın Xəzər filialının sabiq müdiri Rinad Məmmədli, filialın xəzinədarı Rasif Əliyev, mütəxəssisi Ayaz Şirəliyev və başqaları qabaqcadan əlbir olaraq pul vəsaitlərinin vətəndaşlara verilməsi barədə saxta kredit müqavilələri, məxaric orderləri və sair rəsmi sənədlər tərtib etməklə 459 571 manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunublar.

2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rinad Məmmədli, Rasif Əliyev, Ayaz Şirəliyev, Ramin Kərimov 3 il, Tamara Quliyeva, İftixar Həsənov, Orxan Ağayev, Samir Atakişiyev 2 il sınaq müddəti olmaqla şərti cəza alıblar. Digər təqsirləndirilən şəxslər Rauf Qasımov və Mübariz Bayramovun hər birinin barəsində 1000 manat cərimə cəzası kəsilib.

Həmin hökmdən narazı qalan Baş prokurorluq apelyasiya protesti verib. Prokurorluq protestində birinci məhkəmə instansiyası məhkəməsinin hökmünün dəyişdirilməsi və mühakimə olunan şəxslərin barəsində ittiham hökmünün çıxarılmasını istəyib. Prokurorluq təqsirləndirilən şəxslərin məhkəmə zalından həbs edilməsini apelyasiya protestində qeyd edib.

Diaspora