Bu gün Türkiyə Böyük Millət Məclisinə sədr seçkisinin ilk mərhələsi keçiriləcək. QAZİLER.AZ-ın məlumatına görə, yerli vaxtla saat 15:00-da toplanacaq parlamentdə namizədlərdən birinin ən azı 367 səs toplaması mütləqdir. Seçkilər nəticəsində hər hansı partiyanın böyük üstünlük əldə edə bilməməsi səbəbindən də namizədlərdən hər hansının bu qədər səsi toplayacağı mümkün görünmür.
Qeyd edək ki, parlament sədrliyinə AKP-dən milli müdafiə naziri İsmət Yılmaz (AKP-nin 258 millət vəkili var), CHP-dən partiyanın sabiq sədri Dəniz Baykal (132 millət vəkili), MHP-dən prezidentliyə keçmiş namizəd Ekmələddin İhsanoğlu (80 millət vəkili) və HDP-dən Dengir Mehmet Fırat (80 millət vəkili) irəli sürülüb.Əgər birinci və ikinci mərhələdə namizədlərdən heç kim 367 səs toplaya bilməsə, üçüncü turda bu sədd 276-ya endiriləcək. üçüncü turda da sədr seçmək mümkün olmasa, ən çox səs toplayan iki namizəd dördüncü turda yarışacaq. Bu turda isə ən çox səs qazanan namizəd sədr seçiləcək.
Qeyd edək ki, ilk iki tur bu gün, üçüncü tur isə sabah keçiriləcək.