Əfqanıstanda sülhün əldə olunması üçün Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti və "Taliban" arasında danışıqlar keçirilir.
APA-nın "Tolo News"a istinadən verdiyi xəbərə görə, sülh danışıqlarının açılış mərasimində ABŞ Dövlət katibi Maykl Pompeo, "Taliban" hərəkatının liderinin müavini Molla Abdul Qəni Bəradər, Əfqanıstan Milli Barışıq Ali Şurasının sədri Abdulla Abdulla çıxış edib.Milli Barışıq Ali Şurasının sədri xalqın səsinə cavab verdiyinə və Əfqanıstan hökumətinin komandası ilə danışıqlara başladığına görə "Taliban"a təşəkkür edib. O bildirib ki, Əfqanıstan xalqı idarəçiliyin olmadığı zamanlarda çətin bir həyat yaşadığı üçün konstitusiyaya əsaslanan bir hökuməti gücləndirmək istəyir: "Əfqanıstan İslam Respublikasının Konstitusiyası, demokratiya, seçkilər, söz azadlığı, qadın hüquqları, azlıqların hüquqları, qanunun aliliyi, vətəndaş hüquqları və insan hüquqları əfqanların ən böyük uğurlarıdır.
Bu müstəsna fürsəti sülhə nail olmaq, bütün Əfqanıstan vətəndaşlarının qəbul edəcəyi və dəstəkləyəcəyi yeni bir gələcəyi birlikdə müəyyənləşdirmək üçün istifadə etməliyik".
Milli Barışıq Ali Şurasının sədri "Taliban"a humanitar atəşkəsin əldə olunması ilə bağlı çağırış edib.
"Taliban" liderinin müavini Molla Abdul Qani Bəradər "Taliban"ın danışıqları səmimi şəkildə aparacağına zəmanət verdiyini deyib: "Əfqanıstanda bütün əfqanların təmsil olunması və birlikdə qardaş şəkildə yaşamaları üçün bir İslam sistemi qurulmalıdır".
Sülh danışıqlarının açılış mərasimində çıxış edən ABŞ Dövlət katibi Maykl Pompeo deyib ki, bu mərhələyə çatmaq üçün çox zəhmət çəkilib: "Bu prosesi davam etdirmək və danışıqların nəticəsi kimi davamlı sülhə nail olmaq üçün bundan sonra da zəhmət və fədakarlıq tələb olunur. Sizin üzərinizdə böyük bir məsuliyyət var, ancaq siz tək deyilsiniz. Bütün dünya sizin uğur qazanmağınızı istəyir. Əgər əfqanlar vahid Əfqanıstanda ümumi maraqları qəbul edərlərsə, xalqın zəngin müxtəlifliyinə hörmətlə yanaşarlarsa, davamlı bir sülhün mümkün olduğuna inanırıq. Bu tarixi danışıqlar rəqib baxışlara uyğun və siyasi məqsədlərə çatmaq üçün şiddətin tətbiqini rədd edən bir siyasi tənzimləmə yaratmalıdır.
Qərarlarınızı verərkən seçimlərinizin və davranışınızın həm ABŞ-ın gələcək yardımının miqdarına, həm də əhatə dairəsinə təsir göstərəcəyini unutmamalısınız. Ümidimiz davamlı sülhə nail olmaq, məqsədimiz davamlı tərəfdaşlıqdır. Danışıqlarınızı dəstəkləməyə hazırıq. Ancaq indi zaman sizindir. Dua edirəm ki, bu anı yaxalayasınız və bu fürsətdən istifadə edəsiniz".
Açılış mərasiminin iştirakçılarına virtual müracit edən BMT Baş katibi Antonio Quterreş bu danışıqları yüksək dəyərləndirib. O vurğulayıb ki, sülh prosesində qadınlar aktiv şəkildə iştirak etməlidir.
Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell də müraciətində əfqanların əldə etdiyi nailiyyətlərin müdafiə olunmalı olduğunu deyib.
NATO Baş katibi Yens Stoltenberq də sülh danışıqlarının açılış mərasiminə virtual qoşulub. O bildirib ki, NATO hazırda Əfqanıstandakı qoşunlarının sayını Əfqan sülh prosesinə dəstək vermək üçün yenidən müəyyənləşdirir və prosesə uyğunlaşdırır: "On illərdir davam edən qarşıdurmalardan sonra bu danışıqlar sülh üçün ən yaxşı şansdır və mütləq bu şansdan istifadə olunmalıdır".
İƏT-in Baş katibi Yusif İbn Əhməd Əl-Osaymin təşkilatın Əfqanıstandakı sülh prosesini dəstəklədiyini deyib. O əlavə edib ki, son bir ildə İƏT Əfqanıstandakı bütün maraqlı tərəfləri dialoqa çağırıb.
Danışıqların açılış mərasimində Norveç Xarici İşlər naziri Eriksen Soreide, Çin Xarici İşlər naziri Vanq Yi, Türkmənistanın Baş nazirinin müavini və Xarici İşlər naziri Rəşid Mərədov, Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Pakistan Xarici İşlər naziri Mahmud Qureşi, Almaniya Xarici İşlər naziri Hayko Maas, Hindistan Xarici İşlər naziri Subrahmanyam Caişankar, İspaniya Xarici İşlər naziri Arança Qonzalez, Finlandiya Xarici İşlər naziri Pekka Olavi Haavisto, Britaniyanın Cənubi Asiya üzrə naziri Tariq Əhməd Vimbledon, Yaponiyanın Xarici məsələlər üzrə dövlət naziri Suzuki Keisuke video-müraciət ediblər.