Ermənistanın paytaxtı İrəvanda, etirazçıların toplaşdığı Baqramyan prospektində vəziyyət gərgin olaraq qalır. APA TV-nin Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, polis şəhərin mərkəzi küçələrini bağlayıb, Baqramyan prospektinə xüsusi təyinatlılar gətirilib.
Aksiya iştirakçılarından bir qismi Azadlıq meydanına keçsə də, əksəriyyət Baqramyan prospektində qalmaqdadır.Ermənistanın ictimai xadimləri, deputatlar və şou-biznes nümayəndələri nümayişçilərlə polis arasında “canlı sədd” qurublar.
Polis polkovniki Arsen Ayvazyan mitinqçilərə müraciət edərək, barrikada qurmaq üçün istifadə etdikləri zibil qablarını geri qaytarmağa və ya yerinə qoymağa çağırıb. Onun sözlərinə görə, İrəvanda zibil daşınması ilə məşğul olan şirkət polisə müraciət edərək bildirib ki, həmin qablar onun mülkiyyətidir və qanunsuz olaraq Baqramyan prospektinə aparılıb. Etirazçılar polisin bu tələbini fit və qışqırmaqla qarşılayıblar.
Xatırladaq ki, İrəvanda elektrik enerjisinin bahalaşması əleyhinə kütləvi etiraz aksiyaları keçirilir.