İqlim dəyişikliyi fövqəladə hallara yol açır və bunun böyük təsiri dünya səhiyyəsində son 50 ildə əldə olunan irəliləyişləri sarsıda bilər. Bu, ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin iqlimi dəyişdirən istixana qazlarını azaltmağın sağlamlıq və iqtisadi baxımdan faydaları ilə bağlı apardığı təhlilin nəticəsidir.
Müstəqil beynəlxalq və çoxsahəli araşdırma qrupu olan Böyük Britaniyanın "Lancet" Səhiyyə və İqlim Komisiyası da bununla bağlı yeni hesabat açıqlayıb. Komisiyanın rəhbəri Nikolas Uatts bildirib ki, iqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava şəraiti potensial olaraq faciəvi və yolverilməzdir. Biz quraqlığa görə biz tez-tez kənd təsərrüfatı məhsuldarlığının azalmasının şahidi oluruq. Biz sanitariya böhranı nəticəsində yoluxucu, vəba və bağırsaq xəstəliklərinin artdığını müşahidə edirik.Onun sözlərinə görə, getdikcə hava daha da istiləşir. Bu isə ölümlərə yol açır. Avropada 2003-cü ildə ekstremal isti hava şəraiti 70 mindən çox insanın ölümünə səbəb olub. Zaman keçdikcə bu cür hadisələrin sayı artacaq.
Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, 2030-cu ilədək istixana qazlarının azaldılması məqsədilə kəskin tədbirlərin görülmədiyi təqdirdə iqlim dəyişikliyinin yaratdığı təsirlərdən hər il 25 min insan dünyasını dəyişəcək. Havanın çirklənməsi nəticəsində hər il 3 milyon insan ölür ki, onların 1.2 milyonu təkcə Çinin payına düşür.
Mütəxəssislər bu təhlükədən kömürlə işləyən elektrik stansiyalarının bərpa olunan enerji ilə əvəz olunmasının qurtuluş yolu olduğunu söyləyirlər. Bundan əlavə, velosiped sürmək və daha çox piyada gəzmək kimi aktiv həyat tərzinə keçid qaz tullantıları, eləcə də şəkər diabeti və piylənmə hallarının sayını azaldır. Ona görə də kömürlə işləyən elektrik stansiyalarının ləğvi, bərpa olunan enerjinin artırılması, səhiyyə sistemlərinə sərmayənin artırılması və daha güclü qlobal iqlim sazişinə olan öhdəliyin artması əsas hədəfdir.
Dünya ölkələri rəhbərlərinin bununla bağlı yeni sazişi imzalamaq üçün bu ilin dekabrında Parisdə görüşəcəkləri planlaşdırılır.
Məqsəd iqlim dəyişikliyini ictimai səhiyyə məsələsi kimi dərk etməkdir.
Xatırladaq ki, Pakistanda anomal istilərdən ölənlərin sayı 1000 nəfəri keçib, 40 mindən çox insanı günvurub, 8 mindən çox insan xəstəxanaya yerləşdirilib. Həftəsonu Pakistanın Karaçi şəhərində termometrlər 45 dərəcə selsiyə qədər yüksələcək.