Ermənistanın baş naziri Ovik Abramyan elektrik enerjisinin tariflərinin artırılmasına qarşı keçirilən kütləvi etiraz aksiyasının iştirakçılarını konstruktiv müzakirələrə çağırıb. QAZİLER.AZ saytı xəbər verir ki, APA-nın “Armtoday” saytına istinadən verdiyi xəbərə görə, O. Abramyan hökumətin iclasında bildirib ki, şəhərin ən mühüm magistral yollarından biri olan Baqramyan prospektini bağlamaqla nümayişçilər heç bir nəticə əldə etməyəcəklər.
Baş nazir hökumətin istənilən məsələnin müzakirəsinə hazır olduğunu vurğulayıb: “İnsanların şəhərdə sərbəst hərəkətinə əngəl törətmək Konstitusiya və qanunları pozmaq deməkdir. Mən təşkilatçıları prospekti boşaltmağa çağırıram. Onları konstruktiv yola gəlməyə və cəmiyyətimizi narahat edən məsələləri müzakirə etməyə səsləyirəm”.
O. Abramyan qeyd edib ki, iyunun 23-də səhər saatlarında etiraz aksiyasının dağıdılması zamanı baş vermiş bir sıra insidentlərlə əlaqədar araşdırma aparılır: "İyunun 23-də səhər saatlarında polisin Baqramyan prospektində etirazçıların dağıdılması zamanı yol verdiyi hərəkətlər cəmiyyətin və bəzi beynəlxalq tərəfdaşların mənfi reaksiyasına səbəb olub. Polis yanında intizam komissiyasının görməli olduğu işlər var. Cəmiyyət obyektiv və şəffaf işlər gözləyir".