Dünyanın ən qapalı ölkələrindən sayılan Türkmənistanda koronavirusa yoluxma qeydə alınmadığını bildirirlər.
Şəxsən prezident Qurbanqulu Berdıməhəmmədov bunu qürurla söyləyir.Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Türkmənistan hökumətinin virusa yoluxma faktlarını yaxına buraxmamasına baxmayaraq, Orta Asiya ölkəsində infeksiyadan ölənlərin sayı artır. Müstəqil medianın yazdığına görə, əməkdar idman ustası Məhəmmədgəldi Keşikov məhz koronavirusdan həyatını itirib. 70 yaşlı idmançı yaxşı formada imiş. O, hətta özündən yaşca böyük xəstə bacısının qayğısına qalırmış. Türkmənistan Daxili İşlər Nazirliyinin istefada olan polkovniki Əhməd Mamenovun da koronavirusdan öldüyü yazılır. 66 yaşlı zabitin halı birdən pisləşib. Bir neçə gün mübarizə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Türkmənistandan yazan müstəqil saytlar hökumətin mövqeyinin əksinə olaraq, ayrıca virus statistikası tutmağa başlayıb. Jurnalistlər oxucuların köməyi ilə virusa yoluxanların, ölənlərin siyahısını hazırlayır.