Türkiyədə TANAP-ın inşası üçün torpaq sahələri özəlləşdirilir

Türkiyədə TANAP-ın inşası üçün torpaq sahələri özəlləşdirilir backend

Türkiyənin Qars vilayətində Transanadolu qaz kəmərinin (TANAP) inşası üçün torpaq sahələrinin özəlləşdirilməsinə başlanılıb.QAZİLER.AZ saytı xəbər verir , bu barədə Trend-ə Qars vilayətinin valisi Günay Özdemir deyib.


O bildirib ki, TANAP-ın inşası ilə əlaqədar vilayətdə lazımi heyətin işə qəbuluna və boruların tədarükünə başlanılıb.

Vali qeyd edib ki, TANAP həm Türkiyə, həm də Avropa üçün əhəmiyyətli enerji layihələrindən biridir: “Bu qaz kəməri Türkiyənin 20 vilayətindən keçəcək və 6 tikinti meydançası olacaq. Bu meydançalardan biri Qars vilayətinin Səlim rayonunda yerləşəcək”.

G.Özdemirin sözlərinə görə, TANAP-ın inşası ilk növbədə regionda məşğulluq səviyyəsinin artmasına imkan yaradacaq.

O, həmçinin bildirib ki, TANAP Türkiyənin tikinti şirkətləri üçün ideal fürsətdir: “Türkiyənin tikinti şirkətlərinin bu layihədə iştirak etməsi çox əhəmiyyətli məqamdır. Bu şirkətlər artıq müvafiq uyğunluq sertifikatı əldə ediblər”.

Vali deyib ki, strateji əhəmiyyəti olan TANAP layihəsi Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin əyani sübutudur: “Türkiyənin TANAP-da payı olduğunu nəzərə olsaq, bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkənin rolunu artıracaq”.

G.Özdemirin sözlərinə görə, TANAP layihəsinin reallaşdırılması Xəzər regionu ölkələri arasında iqtisadi və siyasi əməkdaşlığın inkişafına, həmçinin sülh və sabitliyin möhkəmlənməsinə imkan yaradacaq.
Diaspora