Cemal Kaşıkçı cinayətiylə bağlı davam edən araşdırmada konsulluqda işləyən şəxsin məhkəmədə verdiyi ifadə diqqət çəkib.
Qazilər.az ensonhaber.com-a istinadla xəbər verir ki, 2018-ci ildə səudiyyəli müxbirin İstanbuldakı konsulluqda öldürülməsindən sonra hadisələrin pərdə arxası araşdırılır.Belə ki, ötən gün konsulluqda işləyən Zeki Demirin verdiyi ifadə üzə çıxıb. O, ifadəsində “təndiri yandırmağımı istədilər. Təlaşlı abu-hava var idi. Tez çıxıb getməyimi istəyirdilər. Təndiri yandırdım. Hətta “Təndirə düşsəniz, kabab olarsınız” şəklində zarafat da etdim. Mənə “Yallah” dedilər, çıxıb getdim” kimi fikirlər səsləndirib.
İfadəsinin davamında təndirin qapağının altındakı mərmərin qırıldığını bildirən işçi “ətrafdakı mərmər parçalarının rənginin dəyişdiyini də gördüm. Kimyəvi maddəylə yuyulduğunu düşündüm”, - deyib.
Qeyd edək ki, ötən ilin mart ayında “Al Jazeera Arabic” tərəfindən yayımlanan sənədli verilişdə Cemal Kaşıkçının yandırıldığı iddia edilən sobanın görüntüləri yer alıb. Təndirdə temperatur çox yüksək olduğu üçün bütün DNA dəlillərinin yox edildiyi bildirilir: “Həyətdə 3 quyu var, 2-si su quyusu, digəri isə təbii qaz və odunla yandırılan təndirdir. Hər ikisiylə yandırıldıqda temperaturu minə yüksələn bir təndirdir. Həmin istilikdə DNA-dan zərrə qədər də olsun iz buraxmayacaq bir təndirdir”.
Firuzə Alimova / Qazilər.az