Çində yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı hazırlanan peyvəndlərdən birinin üçüncü mərhələ üzrə beynəlxalq səviyyədə kliniki sınaqlarına başlanılıb.
AZƏRTAC xəbər verir ki, "Çin biotexnika qrupu"nun tabeliyindəki Uxan biologiya institutunun hazırladığı peyvəndin kliniki sınaqları qarşılıqlı razılıq əsasında paralel olaraq Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də aparılacaq. Sınaqlar BƏƏ-nin süni zəka və "bulud" texnologiyaları şirkəti olan "Qrup 42" (G42) ilə əməkdaşlıq sayəsində həyata keçiriləcək. Razılaşmaya əsasən, əgər sınaqlar uğurlu alınarsa, gələcəkdə peyvəndin BƏƏ-də də istehsalı təşkil ediləcək.Qeyd edək ki, həmin peyvəndin birinci və ikinci mərhələ üzrə kliniki sınaqları Çində başa çatıb. Sınaqlar zamanı vaksinin təhlükəsiz olduğu, ciddi mənfi reaksiyalar vermədiyi məlum olub. İnaktivləşdirilmiş vaksini müxtəlif dozalarda iki dəfə inyeksiya yolu ilə qəbul edən şəxslər yüksək anticisim titrləri istehsal edib. İyirmi səkkiz gün intervalla peyvəndi qəbul edənlərdə antigeni neytrallaşdıran anticisimlərin serokonversiya göstəricisi 100 faiz olub.
Çinin yeni növ koronavirusla mübarizəsinə aid hesabatında bildirilir ki, virus ortaya çıxandan bəri Çin mütəxəssisləri 5 növ peyvəndin - inaktivləşdirilmiş vaksin, rekombinant protein vaksin, qrip virusuna qarşı zəiflədilmiş vaksin, adenovirus vektoru əsaslı vaksin və nuklein turşu əsaslı vaksinin hazırlanması üzərində çalışırlar. İndiyədək Çində 4 inaktivləşdirilmiş, bir adenovirus vektoru əsaslı və bir rekombinant protein peyvəndin kliniki sınaqlarına icazə verilib.