Bu il mayın 22-də Pakistanın Karaçi şəhərinin səmalarında baş verən təyyarə qəzasının əsl səbəbləri hər kəsi şoka salıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hadisənin təfərrüatları ölkənin aviasiya naziri Qulam Sərvər Xanın Milli Assambleyaya (parlament) verdiyi hesabatda göstərilib.Gələn raportlara əsasən, əslində təyyarənin uçuş zamanı tamamilə sağlam vəziyyətdə olduğu ortaya çıxıb. Qəza eniş zamanı təyyarənin şassilərinin açılamaması və beləliklə onun mühərrikinin ciddi şəkildə zədələnməsi nəticəsində baş verib.
Aviadispetçerlər pilotu lazım olan həddən hündürdə uçduğu barədə xəbərdar ediblər və ona uçuş zolağına bir daha yaxınlaşmağı məsləhət görüblər. Lakin kapitan dispetçerlərin sözlərinə məhəl qoymayıb, sonuncular isə pilota mühərrikin zədələndiyini xəbər etməyiblər.
15.jpg (704 KB)
Qulam Sərvər Xan “qara qutu”nun bütün bu gedişatı qeydə aldığını da bildirib. Məlum olub ki, pilotlar dispetçerlərin xəbərdarlığına rəğmən öz aralarında ölkədə koronavirusun vəziyyəti barədə müzakirə aparırlarmış və qülləyə hər şeyin qaydasında olduğunu deyiblər.
Pakistan naziri bununla bağlı cinayət işini açıldığını söyləyib: “Qoy ölənlərin günahlarını Allah bağışlasın. Sağ qalanlar isə ciddi şəkildə məsuliyyətə cəlb ediləcəklər”,-deyə o, parlamentdəki çıxışında bildirib.
Xatırladaq ki, bu ilin may ayının 22-də baş verən qəzada sərnişin və ekipaj daxil olmaqla 97 nəfər həlak olub və yalnız iki şəxs möcüzə ilə sağ qalıb.