Gümrüdə erməni ailəsini qətl etdiyi bildirilən Valeri Permyakovu rus hərbçilərdən ala bilməyən Serj Sarkisyan hakimiyyəti ermənilərin başını qatmaq üçün yeni addım atıb.
Erməni xalqına zülm edən hakim “Qarabağ” klanı il yarım qabaq Moskvada 18 nəfərin ölümünə səbəb olmuş və məhkəməyə qadın paltarında gətirilmiş Hraçya Arutunyanı Ermənistana ekstradisiya etmək istəyir. Serj Sarkisyan hakimiyyəti bununla Gümrü hadisəsinə görə əsəbləri gərilmiş yerli Ermənistan əhalisini sakitləşdirmək istəyir.Yanvarın 15-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvü qətlə yetirilərək öldürülməsinə görə, rus hərbi bazasının əsgəri Valeri Permyakov günahkar sayılır. Ermənistan tərəfi bazada saxlanan Valeri Permyakovu mühakimə etmək üçün istəsə də, rəsmi Kreml rus əsgərinin yalnız Rusiya məhkəməsi tərəfindən mühakimə ediləjəyini vurğulayaraq İrəvana rədd cavabı verib. Bu, Gümrüdə və İrəvanda Rusiya əleyhinə etiraz nümayişlərinə səbəb olub. Sadə ermənilər Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edirlər. Təbii ki, bu, Rusiyanın razılığı və İrəvanda dinc nümayişdə törədilmiş 2008-ci il 1 mart qırğını ilə hakimiyyətə gəlmiş Serj Sarkisyanı qorxuya salıb. Serj həm Moskvanı razı salmaq, həm də erməniləri sakitləşdirmək üçün indi Hraçya Arutunyan məsələsini gündəmə gətirib.
Hraçya Arutunyan 13 iyul 2013-cü il tarixdə idarə etdiyi yük maşını ilə Moskva ətrafında sərnişin avtobusunu vurub. Sırf onun günahı üzündən 18 nəfər həlak olub. Moskvada keçirilmiş məhkəmə ona 6 il 9 ay həbs kəsib. Ermənistan tərəfi məhkəmə qərarından 3-6 ay keçdikdən sonra Hraçya Arutunyanı Ermənistana gətirməyi mümkün sayır.