Rusiyanın Ankaradakı səfirliyi rusiyalı tələbə Məryəm İsmayılovanın itkin düşməsi ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə nota təqdim edib. Tələbə qızın İŞİD terror qruplaşmasının silahlılarına qoşulmaq məqsədilə Türkiyəyə getdiyi ehtimal olunur.QAZİLER.AZ saytı xəbər verir ki, APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya səfirliyinin mətbuat attaşesi İqor Mityakov bildirib.
Onun sözlərinə görə, Türkiyə XİN-i İsmayılovanın Türkiyə ərazisinə daxil olması ilə bağlı hələlik heç bir məlumat təqdim etməyib.
Səfirlikdə Məryəmin atası Mənsur İsmayılovun Ankaraya gəlməsi barədə məlumatı təsdiqləməyiblər: “Mənsur İsmayılovun Ankarada olması barədə bizdə heç bir məlumat yoxdur. O səfirliyə müraciət etməyib”.
Qeyd edək ki, Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının tələbəsi Məryəm İsmayılova iyunun 12-də itkin düşüb.
Qohumların məlumatına görə, Məryəm xəlvəti xarici pasport alaraq təyyarə ilə Şeremetyevodan Türkiyəyə uçub. Qohumlar Məryəmin İŞİD terror qruplaşmasına qoşulmaq niyyətində olmasından ehtiyatlanır.