Rusiya bu ilin sonuna kimi özünün nüvə arsenalını 40 qitələrarası ballistik raketlə zənginləşdirəcək.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bu fikirləri prezident Vladimir Putin "Ordu-2015" hərbi-texniki forumda dilə gətirib.O bildirib ki, bu addım Kremlin özünümüdafiə sistemini daha da möhkəmləndirəcək. Putin bunu həm də NATO-nun Şərqi Avropada hərbi fəallığını genişləndirməsi ilə əlaqələndirib.
Bu arada NATO-nun baş katibi Yens Stoltenberq Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker ilə Brüsseldə keçirilən görüşündə Rusiyanın mövqeyini tənqid edib: "Bölgədə nüvə silahlarını artırmaq təhlükəlidir. Bu addım vəziyyəti gərginləşdirə bilər".
Baltikyanı dövlətlər isə NATO-nun onların ərazisində möhkəmlənməsini alqışlayıblar. Onlar bunu şərq qonşularından istənilən an gözlənilən təhlükəyə qarşı sığortalanmaq kimi dəyərləndirirlər.