Hazırda “Wikipedia.com” portalı və istifadəçilər arasında məlumatların çox hissəsi şifrlənməmiş bağlantılarla ötürülür ki, bu da onların hakerlər tərəfindən ələ keçirilməsini asanlaşdırır. Bununla bağlı “Wikimedia” təşkilatı bəyan edib ki, gələcəkdə sayt “HTTPS” bağlantısından istifadəyə başlayacaq və bununla da ötürülən məlumatlar şifrlənəcək.
“Wikipedia”, “Wiktionary” və “Wikimedia Commons” saytları ilə bağlantılar yaxın iki həftə ərzində şifrlənmiş olacaq.
“Wikimedia” bloqunda deyilir ki, “HTTPS” bağlantısına keçid üzərində iş 2011-ci ildən aparılıb, 2013-cü ildə isə hökumət təşkilatları tərəfindən istifadəçilərin kütləvi izlənməsi ilə bağlı halların artmasına görə sürətləndirilib.
Son illər qlobal şəbəkə istifadəçi məlumatlarının daha etibarlı mühafizəsini təmin etmək məqsədilə sürətlə “HTTPS” bağlantısına keçir. “Twitter”, “Google” və “Facebook” kimi iri portallarda artıq bu bağlantıdan istifadə olunur, brauzerlərdə bütün saytlarla şifrlənmiş bağlantını təmin edən genişlənmə funksiyaları yer alıb, - "Internetua” yazır.