Tunisdə yük maşınının qatarla toqquşması nəticəsində 18 nəfər ölüb, APA TV-nin "Frans Press"ə istinadən verdiyi məlumata görə, hadisə Tunis paytaxtının 60 kilometr cənubunda baş verib.
Tunisin nəqliyyat naziri Mahmud bin Romdan bildirib ki, həm yük maşınının sürücüsü, həm də qatarın maşinisti sürət həddini aşıb. Yük maşını qatarın yoluna çıxıb və qatar ona çırpılıb. Toqquşmadan sonra qatar relslərdən çıxıb.Qəza nəticəsində ölən və xəsarət alanların əksəriyyəti qatarın sərnişinləri olub. Qatar Tunisin şimal-qərb şəhəri Qaafurdan ölkənin paytaxtına hərəkət edirmiş.
Hadisə yerinin yaxınlığında yerləşən Əl-Fəhs şəhər xəstəxanasının direktoru bildirib ki, qəza nəticəsində 98 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti xüsusilə ağırdır.
Hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırır.