“Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər..."
Bədii gimnastika üzrə Olimpiya çempionu Alina Kabayeva müsəlmanların Müqəddəs Kitabından sitat gətirməklə “COVID-19” epidemiyası fonunda ruslara mənəvi dəstək verib.Moderator.az xəbər verir ki, dünya şöhrətli idmançı Ümumrusiya Bədii Gimnastika Federasiyasının “İnstaqram” səhifəsində yerləşdirilmiş video-müraciətdə bütün xalq, o cümlədən bütün həyatlarının ibarət olduğu idman rejimini pozmuş gimnastlar üçün bir sıra çətinliklər yaratmasına rəğmən koronavirusla bağlı vəziyyətin ümidsiz olmadığını bildirib.
"Əziz qızlar, bütün bu günlər boyu sizləri çox düşünürəm. Qarşınızdakı böyük və çətin sınaq haqqında düşünürəm" -deyən Kabayeva bütün gimnast həmkarlarını qucaqlamaq, təsəlli vermək və "sınaqların insana onun daşıya biləcəyindən artıq göndərilmədiyini" xatırlatmaq istədiyini vurğulayıb.
"Bunda böyük ümid var və biz çətinliklərin öhdəsindən gəlməliyik. Gəlin, biz bu gün əlimizdən gələn hər şeyi edək... İndiyədək sevdiklərimiz, qohumlarımız və vətənimiz şərəfinə qələbələr qazanmışıq və bundan sonra da qazanmaqda davam edəcəyik. Sizləri sevirəm, öpürəm. Sizin Alina ”- deyə Olimpiya çempionu gimnastları ümidsizliyə qapılmamağa və qorxmamağa çağırıb.
Kabayevanın “insana göndərilən sınaqlar” barədə dediyi sözlər mənası baxımından Uca Allahın iman gətirənləri hansı vəziyyətdə olsalar da, hansı bəla və çətinliklərlə üzləşsələr də, səbirli olmağa və ümidsizliyə qapılmamağa çağırdığı Qurani-Kərimin “Bəqərə” surəsinin 286-cı ayəsindəki fikri təkrarlayır:
“Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər: ) “Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!”
Xatırladaq ki, son illərdə Alina Kabayevanın Rusiya Prezidenti Putinin məşuqəsi olması və hətta ondan bir övlad da dünyaya gətirməsi haqda gerçəkliyə yaxın xəbərlər yayılmaqdadır.