“Alibaba Group” tədqiqat bölməsinin hesabatından məlum olub ki, 2020-ci ilədək transsərhəd ödənişlərin illik artımı 27,4 faiz olacaq.
Ekspertlərin proqnozuna görə, 2020-ci ilədək qlobal onlayn ödənişlər bazarının həcmi 1 trilyon dollar təşkil edəcək. 2014-cü ildə bu göstərici 230 milyard dollar səviyyəsində olub.
Bundan başqa, beş ildən sonra dünyada 900 milyon insan beynəlxalq onlayn alıcıya çevriləcək. Onların alışı dünya onlayn tranzaksiyalarının 30 faizinə bərabər olacaq. Çinin transsərhəd ödənişlərdə ən böyük bazar olacağı ehtimal edilir.
2020-ci ilədək Çində onlayn alınan idxal mallarından tranzaksiyaların həcmi 245 milyard dollara çatacaq. Bu halda 200 milyondan çox Çin istehlakçısı xarici onlayn mağazalarda alış-veriş edəcək.
Bildirilir ki, transsərhəd onlayn alışlar istehlakçıların yerli mağazalarda ucuz idxal mallarını tapmaqda çətinlik çəkdikləri inkişaf etməkdə olan bazarlarda populyarlaşmağa başlayıb. Əksər hallarda yeganə alternativ variant xarici internet mağazalarında alış-veriş etmək olur, - "Payspacemagazine” yazır.