İşğalçı Ermənistan rejiminin baş naziri Nikol Paşinyan İrana Ermənistana göndərdiyi məhsullara görə təşəkkür edib.
İran Dövlət Teleradio Şirkətinin xəbər agentliyinin Ermənistan şöbəsinin məlumatına görə, o, televiziyada etdiyi çıxışda rəsmi Tehranın Ermənistana tərəddüd etmədən lazım olan bütün məhsulları anında göndərdiyini deyib. Paşinyan bir çox ölkələrdə koronavirusla əlaqədar mağaza rəflərinin boş qaldığını, lakin İranın sayəsində Ermənistanda bu vəziyyətin baş vermədiyini deyib: “Bu məsələ ilə əlaqədar təkcə Ermənistanın iqtisadiyyat sahəsində çalışanlara deyil, Ermənistana heç bir tərəddüd etmədən vaxtında məhsul göndərən İrana da təşəkkür etmək istəyirəm”, - deyə Paşinyan əlavə edib.İşğalçı Ermənistan rejiminin baş naziri sonda bu istiqamətdə Rusiya və Gürcüstana da təşəkkür edib.
GünAz TV bununla bağlı yaydığı xəbərdə xatırladıb ki, koronavirusun yayılmasından sonra İranla Ermənistan arasında viza rejimi yenidən tətbiq edilib. Lakin Dövlət Teleradio Şirkətinin xəbər agentliyinin xəbərində qeyd edilir ki, koronavirusa rəğmən, İrandan Ermənistana məhsul ixracatı davam edir və bu, daha da genişlənməkdədir.
Xatırladaq ki, bir neçə gün öncə İranın Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsinə onlarla yük maşınında ucuz yanacaq göndərdiyini əks etdirən videolar yayılmışdı. Bu görüntülərdən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi İrana etiraz etmişdi. Sonrakı günlərdə bununla kifayətlənməyən Tehran rejimi yenə də Azərbaycan xalqına qarşı hörmətsizliyə davam edib. Ötən həftə rəsmi Bakının narahatlığını nəzərə alan İran prezidenti Həsən Ruhanı Azərbaycan prezidentinə telefon açmışdı.
Yayılan xəbərdə qeyd olunur ki, bir neçə gün öncə İran Səhiyyə Nazirliyinin koronavirusla bağlı hazırladığı “Mask” adlı tədbirdə Qarabağ müstəqil “respublika” kimi göstərilib. Bundan savayı, İranın Ermənistana və Qarabağa məhsul və yanacaq göndərməyə davam etməsinə dair yenidən video yayılmışdı.
Azərbaycan Respublikası mart ayının əvvəllərində koronavirusla mübarizə üçün İrana 5 milyon dollar yardım edib və rəsmi Tehran buna görə Azərbaycana təşəkkürünü bildirib. Yayılan məlumatlarda deyilir ki, İranın media qurumları Azərbaycanın müsəlman qonşusuna yardım əlini uzatmasını geniş işıqlandırmayıb.
Musavat.com