Şərqi Avropada ağır hərbi texnika yerləşdirmək planı NATO-ya yox, yalnız ABŞ-a məxsusdur. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Pentaqonun rəsmi nümayəndəsi Ceyms Brindl bildirib.
“Bu ABŞ-ın planıdır”, deyə o qeyd edib. Brindl həmçinin əlavə edib ki, ABŞ hələlik məsələ ilə bağlı qərar verməyib.Qeyd edək ki, bir neçə gün əvvəl “The New York Times” nəşri rəsmi mənbələrə istinadən dərc etdiyi məqalədə bildirirdi ki, Pentaqon Şərqi Avropada beş min hərbçisini təmin edə biləcək sayda ağır texnikasını yerləşdirmək imkanlarını nəzərdən keçirir.
Nəşr qeyd edir ki, “Pentaqon Avropada mümkün Rusiya təcavüzünün qarşısını almaq məqsədi ilə Baltikyanı və Şərqi Avropa ölkələrində beş min amerikalı hərbçini təmin edilməsinə kifayət ola biləcək sayda tanklar, PDM və sair ağır teknnika yerləşdirə bilər”.
Nəşr bildirir ki, ABŞ hərbi texnikası regiondakı müttəfiq ölkələrin hərbi bazalarında müxtəlif sayda yerləşdirilə bilər. Belə ölkələr arasında Litva, Latviya, Estoniya, Polşa, Rumıniya, Bolqarıstan və Macarıstan qeyd edilir.
Ötən gün NATO nümayəndələri Alyansın bu plana aidiyyatının olmadığını bəyan ediblər.
Ağ Ev nümayəndəsi Coş Ernest isə, öz növbəsində, bildirib ki, texnikanın Şərqi Avropada yerləşdirilməsinə dair qərar müzakirənin ilkin mərhələsindədir.