1947-ci ildə İsrailin az əhalisi olsa da, yüksək təhsili vətəndaşlarının milli ordunu cəld şəkildə yetişdirə və təşkilatlandıra biləcəyi fakt idi. İnsan gücünün məhdudluğu İsrail ordusunun texnoloji inkişafa, yüksək atəş gücü qüvvələrinə fokuslanacağı və heyətin qonşularına nisbətən daha peşəkar olacağı demək idi.
İsrail Hərbi Hava Qüvvələri kimi İsrail Quru Qoşunları da təvazökar, lakin köklü təməldən formalaşıb. İsrail Quru Qoşunlarının mənşəyi yəhudi maraqlarını müdafiə etmək məqsədilə 1920-ci illərdə formalaşdırılan sionist yarımhərbi qüvvə olan “Haqana”ya əsaslanır.“Haqana” ilk öncə Britaniya strukturları ilə əməkdaşlıq edirdi, lakin 1944-cü ildə Axisin məğlubiyyətə uğradığı bir dövrdə Yəhudi dövlətinə olan ehtiyacın artmasıyla bu əlaqə düşmənçiliyə çevrildi. 1947-ci ildə “Haqana” daimi ordu bölüyü kimi yenidən təşkilatlandırıldı və İsrail dövlətinin formalaşdırılmasından iki həftə sonra İsrail Quru Qoşunları adlandırıldı.
O vaxtdan etibarən İsrail QQ demək olar ki, hər onillikdə döyüşə girib. O, İsrailin müdafiəsi uğrunda xeyli müharibə edib və Sinay, Livan, Qəzza, Qərb Sahilində dəfələrlə əməliyyatlar keçirib.
Bu yazıda İsrail QQ-yə məxsus və Yaxın Şərqdə heç kimin onlarla döyüşmək istəməyəcəyi 5 əsas silahı təqdim edəcəyik.
“Merkava” əsas döyüş tankı
Zirehli Qüvvələr komandanı general İsrael Talın beyin məhsulu olan “Merkava” İsrailin ilk və yeganə yerli istehsal olan əsas döyüş tankıdır. Tank xüsusi olaraq İsrail tank doktrinası üçün dizayn edilib: yerə yaxın, güclü topa malik “Merkava” hətta öndə yerləşən mühərrikə də sahibdir. Bu mühərrik heyəti mühafizə etmək üçün nəzərdə tutulub. “Merkava” mükəmməl müdafiə tankıdır. O, Misir zirehli strukturlarına qarşı Sinayda, yaxud Suriya qüvvələrinə qarşı Colan təpələrində olduqca effektiv olub.
“Merkava”nın ilkin versiyası Amerikanın M1 “Abrams”ları kimi Britaniya dizaynlı 105 millimetrlik əsas silaha sahib idi. Daha yeni versiyası isə yerli istehsal olan 120 millimetrlik yivsiz topla təchiz edilib. “Merkava”nın əsas topu azı 2000 metr məsafəni yüksək gücə malik tank əleyhinə (HEAT) mərmisi ilə dəqiq vura bilir. Sonralar ənənəvi mərmilərə LAHAT raketləri də əlavə edildi. “Merkava”nın lüləsindən atıla bilən lazerlə idarəolunan LAHAT 9000 metr uzağı hədəf ala bilir.
“Merkava” tankları idarəolunan raketlərə qarşı aktiv müdafiə sistemləri ilə təchiz edilən ilk zirehli vasitələrdən biridir. İsrail ümumilikdə 2000 “Merkava” istehsal edib ki, bunun da 660 ədədi sonuncu nəsil olan “Mark IV” versiyasıdır.
“Spike” raket sistemləri
“Spike” raketi İsrailin “hamısına uyğun dizayn” tank əleyhinə idarəolunan raket sistemidir. “Spike” qısamənzilli sistemi təkatışlı birdəfəlik raket sistemidir. O bu mənada keçmiş Amerika LAW-larına bənzəyir. “Spike” termal izləyiciyə və 800 metrdən başlayan mənzilə sahibdir.
“Spike” quru vasitələrindən “Seraph” (“Apache”) helikopterlərinə, donanma gəmilərindən dronlara qədər bütün vasitələrə quraşdırıla bilər. O, tank, zirehli vasitələr, gəmilər, təyyarələr və fərdi terror hədəflərinə qarşı istifadə oluna bilər.
“Spike”ın daha böyük versiyası əsasən eyni raketdir. “Spike MR” Amerikanın “Javelin”i ilə eyni standartlara malikdir. Hər iki raketin mənzili təqribən 2500 metrdir. “Spike LR” isə Amerikanın TOW-IIB-si kimi 4000 metr mənzilə sahibdir. Ən nəhayət, “Spike ER” isə Amerikanın “Hellfire” raketləri ilə oxşar xarakteristikaları bölüşür. Fiber-optik kabeldən istifadə edən “Spike NLOS” 25 kilometr məsafədəki hədəfləri məhv edə bilir.
“Namer” zirehli daşıyıcısı
Əksər piyada döyüş vasitələri gözlənilənin əksinə olaraq ağır zirehlə təchiz olunmur. M2 “Bradley”, BMP-3 və “Warrior” kimi vasitələr tank mərmilərinə və ya müasir tank əleyhinə idarəolunan raketlərə qarşı xüsusi zirehə malik deyil.
“Namer” keçmiş tanklar əsasında hazırlansa da, onlardan fərqlidir. “Namer” piyada döyüş vasitəsi “Merkava” Mk.1 tankının ilkin modelidir. Onun ön, yan və arxa tərəflərinə ağır zireh əlavə olunub. “Namer” modifikasiyadan əvvəl “Merkava” qədər ağır idi.
3 taboru təmin etmək üçün təxminən 120 ədəd “Merkava” “Namer”ə çevrildi. “Namer” 3 nəfərlik heyətə sahibdir. Onlar sürücü, silah operatoru və komandirdir. Bir “Namer”də 9 nəfər piyada daşımaq mümkündür.
“Tavor” hücum tüfəngi
İsrailin ikinci nəsil milli tüfəngi “Tavor” İMQ-nin standart piyada silahıdır. “Tavor” XXI əsrin tüfəngi kimi görünsə də, onun kökləri XX əsrə dayanır. Kompakt tüfəng AK-47-də olduğu kimi qazla işləyən, fırlanan çaxmaqdan istifadə edir. O isə M-1 “Garand”dan ilhamlanıb. “Bullpup” dizaynı ona kompakt 28 düym uzunluğunda tüfəng olmasına imkan verir. Lüləsinin uzunluğu isə 18 düymdür.
“Tavor” 5,56 mm-lik patrondan istifadə edir. O, NATO standartlarına uyğun olan 30 patronluq xəzinəyə malikdir. Daha kiçik, daha kompakt versiyasında daha qısa lülə olur və 9 mm-lik “Parabellum” tapança patronlarından istifadə edir.
“Smasher” Yaylım Atəşli Reaktiv Sistem
İsraildə Amerika silah sistemlərini yenidən adlandırmaq kimi tendensiya mövcuddur. Buna görə də, “Smasher” adı da bir öncəkindən daha maraqlı səslənir.
“Smasher” YARS-ı əslində Amerikanın M270 MRLS-dir. ABŞ artilleriya qanadının sütunu olan M270 sistemi 1970-ci illərdə hazırlanıb. O, Amerika QQ üçün hazırlanan silah sistemlərinin “Böyük beş”liyinə (“Big 5”) daxildir. Modifikasiya edilmiş M2 “Bradley”in şassisi üzərində hazırlanan “Smasher” 12 ədəd 227 mm-lik raket daşıyır. 3 maşından ibarət batareya bir dəqiqədə 23184 dəst mərmi buraxmağa qadirdir.
İsrailin 48 ədəd “Smasher” sistemi var. Hazırda İsrail 40 kilometr mənzilə sahib raketlərlə məhdudlaşıb, lakin yeni 150 kilometrlik raketlər hazırlanma mərhələsindədir. Bu tipli raketlər Hanifada yerləşdirildiyi təqdirdə İsrail artilleriyasına Dəməşqi vurma imkanı qazandıracaq.
Ordu.az