Koronavirus xəstəliyinin geniş yayıldığı ABŞ-da virusun Silahlı Qüvvələrdə yayılmasını önləmək üçün ciddi tədbirlərin görülməsinə rəğmən, bütün dünyanı təhdid edən təhlükə Amerika ordusunda da genişlənməkdədir.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, bu günlərdə Pentaqonda çalışan ABŞ hərbçisinin də koronavirusa tutulduğu məlum olub. Pentaqondakı Hərbi Dəniz Qoşunlarına məxsus ofisdə çalışan, sonuncu dəfə martın 13-də Pentaqonda olan hərbçinin koronavirusa tutulması ABŞ müdafiə nazirliyini şoka salıb. Koronavirusun Pentaqona – ABŞ ordusunun “ürəyinə” qədər yol tapması vəziyyətin nəzarətdən çıxmaqda olduğunu ortaya qoyub.Məlum hadisədən dərhal sonra Hərbi Dəniz Qoşunlarının Pentaqondakı ofisi boşaldılıb və orada geniş dezinfeksiya işləri həyata keçirilib. Hazırda Pentaqonun koronavirusdan daha etibarlı müdafiəsini təmin etmək üçün ciddi tədbirlər görülməkdədir.