Fevralın 8-də yerli vaxtla saat 22.00 radələrində Ukraynanın separatçıların nəzarətində olan Donetsk şəhərində şiddətli partlayış baş verib. APA-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, sakinlər şəhərin üzərində nəhəng alov müşahidə ediblər. Partlayış hətta Donetsk yaxınlığındakı Avdeyevka və Makeyevka şəhərlərində də eşidilib.
“Doqquzmərtəbəli binamız karton kimi titrədi. Divarlar, qapılar, qab-qacaq – hər şey silkələndi. Hətta krandan özü-özünə su axmağa başladı, sanki zəlzələ idi”, - deyə Donetsk sakini Anastasiya “Twitter”də yazıb. Denis adlı digər şəhər sakini isə dəmir yolu vağzalı yaxınlığında alov göbələyi gördüyünü söyləyib: “Deyilənə görə, hərbi sursat anbarı partlayıb”.Ukrayna tərəfdən hər hansı rəsmi açıqlama verilməsə də, Milli Qvardiyanın “Azov” alayı Donetskdəki iri hərbi sursat anbarında partlayış baş verdiyini açıqlayıb: “Partlayış o qədər güclü olub ki, alovlar bir neçə kilometr aralıdan görünüb. Bu isə terrorçuların anbara külli miqdarda sursat topladığını və hücuma hazırlaşdığını təsdiqləyir. Hələlik partlayışın hansı səbəbdən baş verdiyi bəlli deyil, lakin aydındır ki, bu hadisə terrorçuların planını pozub”.
“Sağ Sektor” Partiyasının lideri, Ali Radanın üzvü Dmitri Yaroş isə hadisədən bir qədər sonra özünün “Facebook” səhifəsində Donetsk şəhərindəki sursat anbarına Ukrayna artilleriyasının zərbə endirdiyini bildirib: “Bir qədər əvvəl bizim artilleriyamız çox əla işləyib. Terrorçuların “Qrad” qurğularının və döyüş sursatının cəmləşdiyi yerə zərbə endirilib. İlkin məlumatlara görə, düşmənin 20 ədəd “Qrad” qurğusu, döyüş sursatı ilə dolu 30 avtomobil və 200-ə yaxın terrorçu məhv edilib. Partlayış Donetskdə panikaya səbəb olub. Ukrayna döyüşçülərinə eşq olsun!”
Ali Radanın deputatı, Dnepropetrovsk vilayətinin qubernator müavini Boris Filatov Ukrayna əsgərlərinin separatçıların sursat anbarına “Smerç” reaktiv atəş sistemi vasitəsilə zərbə endirdiyini deyib. Onun sözlərinə görə, hərbçilər dəqiq koordinat əsasında atəş açıblar və konkret hansı obyekti vurduqlarını bilməyiblər.
Faktı separatçılar da təsdiqləyib. Onlar hərbi-kimya zavodunda partlayış baş verdiyini və partlayış dalğasının bütün şəhərə yayıldığını bəyan ediblər. “Ukrayna ordusunun artilleriya zərbəsindən sonra kimyəvi maddələrin ətrafa yayılması təhlükəsi yoxdur. Yanğın söndürülüb”, - deyə separatçılar bildiriblər.