Rusiya prezidenti Putinin nəinki imperatorluq, hətta Allahlıq iddiasına düşməsi və istənilən halda hakimiyyəti təhvil vermək istəməməsi bu gün koronavirus adlı bir mərəzlə əlləşən bəşəriyyətin ikinci probleminə çevrilib.
Artıq bütün dünyaya bir daha bəlli oldu ki, Putin adlı "koronavirus"a "peyvənd" tapılası deyil və ondan asanlıqla qurtulmaq mümkün olmayacaq...Görəsən, Türkiyədə Putinin son addımları ilə bağlı nə düşünürlər? Bütövlükdə Türkiyə cəmiyyətinin Putinə münasibəti necədir?
Türkiyənin Ərciyəs Universitetinin professoru, tanınmış ermənişünas alim, siyasi şərhçi Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında deyir ki, Türkiyədə Putinə birmənalı münasibət yoxdur, pərəstiş edən də var, türk düşməni kimi qəbul edən də:
"Putinə burada münasibət fərqlidir. Bir az onun şəxsiyyətinə pərəstiş edənlər var. Amma son zamanalar bir türk düşməni kimi davrandığına görə ona simpatiya bəsləyənlər azalıb. Kreslodan ikiəlli yapışmasına da çox təbii baxılır, bura insanı üçün bu yanaşma yeni deyil, hakimiyyət çox köpəyoğlu şeydir. Onu buraxmaq, sadə həyata keçmək hər adamın işi deyil. Putin Rus imperiyasının ən son nümayəndəsi olmaq istəmir. İndi düşünür ki, özündən sonra yeni bir imperator yetişdirsin. Məncə bu ona müyəssər olmayacaq. Diktatorluq zamanı keçdi və Putin Yaxın Şərqdə çox ağ elədi. Ona görə cəzası veriləcək. O cəzalardan biri onun neftlə imtahana çəkilməsidir...Durum onun zərərinə dəyişəcək".
Bəs görəsən, Türkiyə-Rusiya müttəfiqliyinin ömrü nə qədər sürəcək?
Q.Çaxmaqlı deyir ki, söhbət müttəfiqlikdən deyil, alverdən gedir:
"Rusiya ilə Türkiyənin heç bir müttəfiqliyi yoxdur, alveri var. Alverdə isə biri cığallıq eləyəndə hər şey pozulur. Atəşkəs anlaşma deyil, razılaşmadır. O isə hər an pozula bilər".