Politoloq: “Dünya gözümüzün önündə sürətlə dəyişir, qarşıdakı 4 ildə ciddi dəyişikliklərin şahidi ola bilərik...”
Martın 11-də Rusiya parlamentinin aşağı palatası - Dövlət Duması ölkə konstitusiyasına dəyişikliklər layihəsini son oxunuşda qəbul edib. Rusiya Dövlət Duması prezident Vladimir Putinin səlahiyyət müddətinin artırılması üçün konstitusiyaya dəyişikliyi nəzərdə tutan sənədi qəbul edib. Qanunun referendumla qəbul olunacağı təqdirdə Putin 2036-cı ilə qədər prezident seçilmək üçün namizədliyini irəli sürə bilər.Qanun hazırda prezident olan və keçmişdə dövlət başçısı seçilən şəxslərə şamil edilir. Hazırkı konstitusiyaya görə, Putin iki dəfədən artıq prezident seçilə bilməz. Rusiyada aprelin 22-də konstitusiyaya bir sıra dəyişiklikləri nəzərdə tutan referendum keçiriləcək. Layihəyə əsasən, heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Ancaq bu norma yenilik qüvvəyə minəndən sonra prezident seçiləcək şəxslərə şamil olunur və indiki dövlət başçısı Vladimir Putin növbəti iki prezident seçkisinə qatıla bilər.
1952-ci il təvəllüdlü Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru, Təhlükəsizlik Şurasının katibi olub. 1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb. 2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib, 2018-ci il seçkisində postunu qoruyub. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatır.
Rusiyaya qarşı “neft müharibəsi”nə başlanıldığı bir zamanda Putinin prezidentlik senzini aradan qaldırmaqla bağlı qərar verməsi düşündürücüdür. Son zamanlaradək Putindən sonra Rusiya dövlətinin rəhbərliyinə kimin gələcəyi barədə baş sındırdığı halda, hazırki prezident çoxlarını şoka sala biləcək yolu seçdi. Putin hesab edir ki, hakimiyyətdən gedərsə, ölkəsi ona qarşı olan güclərin qarşısında duruş gətirə bilməz.
Belə hesab olunur ki, Rusiya hazırkı neft böhranına tab gətirə biləcək bir iqtisadiyyata sahibdir. Çünki Rusiyanın kifayət qədər xarici valyuta ehtiyatı var. Politoloq Tofiq Abbasov Axar.az-a deyib ki, hazırda Rusiyanın 600 milyard dollar dəyərində qızıl ehtiyatı mövcuddur: “Səudiyyə Ərəbistanının isə 520 milyard həcmində valyuta ehtiyatı var. Lakin məsələ ABŞ üçün heç də ürəkaçan deyil. Bu gün ABŞ dünyada ən çox xarici borcu olan ölkədir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, hazırkı vəziyyət ABŞ neftinin dəyərdən düşməsinə gətirib çıxarır”.
Politoloqun fikrincə, bu gün belə bir yanlış düşüncə var ki, neftin qiymətinin kəskin düşməsi Rusiyanın iqtisadiyyatını çökdürəcək: “Nəzərə almaq lazımdır ki, Rusiya dünyanın ilk neft-qaz ixrac edən ölkələrindədir. Yəni bu sahədə kifayət qədər təcrübəyə malikdir. Bu baxımdan Rusiyanın belə fors-major situasiyalara qarşı mütləq bir planı var”.
Ancaq istənilən halda çox maraqlıdır, Putinin “ömürlük” ideyasına ABŞ başda olmaqla, Qərbin, həmçinin Rusiya ictimaiyyətinin reaksiyası necə olacaq? Rusiyada referendum yolu ilə qəbul ediləcək qərar postsovet məkanında presedentə çevrilə bilərmi?
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiya Konstitusiyasına köklü əlavə və dəyişikliklərin edilməsi gözlənilir: “Əlavə və dəyişikliklər isə yeni konstitusiyanın qəbul edilməsi deyil. Məhz bu səbəbdən prezident Putin ”müddətin sıfırlanması" məsələsinə Konstitusiya Məhkəməsinin münasibət bildirməsinin vacibliyini qeyd etdi. Bu, o deməkdir ki, Rusiyanın Konstitusiya Məhkəməsi Konstitusiyaya ediləcək əlavə və dəyişiklərin dövlət idarəçiliyi sistemində yeni vəziyyət yaratdığını və məhz bu baxımdan da “prezidentlik müddətinin sıfırlanması”nın vacib olduğunu bildirməli, müvafiq rəy verməlidir. Bu, çox güman ki, belə də olacaq. İndiyədək səsləndirilən mülahizələr isə sadəcə, fikir çoxluğunun formalaşmasına və bu fikirlərin arasında daha çox demokratik görünəninin seçilməsinə xidmət edirdi. Məhz bu səbəbdən Rusiya prezidenti seçki yolu ilə formalaşdırılmayan hansısa əlahiddə səlahiyyətlərə malik olan şuranın yaradılmasını “seçicilərin iradəsinin əleyhinə olduğunu” qeyd etdi, konstitusiyada iki dəfədən artıq prezident seçilmək üçün qoyulan məhdudiyyətin aradan qaldırılmasının əleyhinə çıxış etdi və üçüncü yolun mövcudluğunu xatırlatdı. Bu yol isə Konstitusiya Məhkəməsinin rəyidir. Əslində belə rəy üçün çox güman ki, əsaslar da yaradılacaq".
E.Mirzəbəyli bildirdi ki, konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər layihəsində belə bir əsas var: “Yəni parlamentin səlahiyyətləri artırılır, prezidentin səlahiyyətlərinin müəyyən bir hissəsi Federasiya Şurasına verilir və belə olduğu təqdirdə ”müddətin sıfırlanması" üçün tutarlı hüquqi əsaslar yaranır. Məsələnin postsovet məkanına necə təsir edəcəyinə gəldikdə isə, mən 2024-cü ilədək belə bir məkanın vahid geosiyasi faktor kimi mövcud olmayacağını, yaxud qismən mövcud olacağını düşünürəm. Dünya gözümüzün önündə sürətlə dəyişir və 4 illik bir zaman kəsiyində, yəni Putinin səlahiyyətləri başa çatanadək qlobal və regional müstəvidə ciddi dəyişikliklərin baş verdiyinin şahidi ola bilərik. Düşünürəm ki, indiki şəraitdə ən uğurlu yanaşmanı Azərbaycan ortaya qoyub. Ölkədə yuxarıdan aşağı islahatların həyata keçirilməsi, prosesin dinamikasının sürətlə artması çox mühüm amillərdir. Ölkəmizin dövlət idarəçiliyi sistemi islahatlar yolu ilə təkmilləşdirilir. Bürokratiyaya və məmur özbaşınalığına yol açan amillər imperativ göstərişlərlə deyil, konkret mexanizmlərin tətbiqi ilə aradan qaldırılır. Bu baxımdan hesab edirəm ki, ölkəmiz müəyyən bir mərhələdən sonra yarana biləcək yeni çağırışlara tamamilə hazır vəziyyətdə olacaq. Bu xüsusda bizim hələlik postsovet məkanı adlandırdığımız arealda Azərbaycanın timsalında yaranan və təqdim olunan müsbət dəyişikliklərin daha çox president rolunu oynaya biləcəyi qənaətindəyəm".
Bu arada Rusiya prezidenti Vladimir Putin ölkə konstitusiyasına ediləcək düzəlişlərə əsasən yaradılması nəzərdə tutulan Dövlət Şurasına rəhbərlik etməyəcəyini bəyan edib.
Turkustan.info xəbər verir ki, bununla da bir çox politoloqların Putinin prezidentlik müddəti bitdikdən sonra öz hakimiyyət səlahiyyətlərini saxlamaq niyyəti ilə məhz Dövlət Şurasına başçılıq edəcəyi ilə bağlı ehtimallarını təkzib edib. Putin ölkəyə münasib olmayan hakimiyyət sxeminin yaradılmasından çəkindiyini bildirib.
Ekspertlər hesab edir ki, Putin əslində 2024-cü il seçkilərindən sonra daha 12 il prezident olmaq niyyətindədir. Bu mülahizə onun əvvəlki prezidentlik müddətlərinin sıfırlanması təklifinə müsbət yanaşmasından sonra irəli sürülüb.
Siyasi şərhçi Şahin Cəfərli “Yenisabah.az”a deyib ki, Putinin əvvəlki prezidentlik müddətlərinin sıfırlanması və növbəti seçkilərdə prezidentliyə namizəd olmasına icazə verən konstitusiya dəyişikliyi həyata keçiriləcək. “Putin düşündü, daşındı, anladı ki, hətta ən zəif, ən iradəsiz adamı belə varis təyin etməyin riskləri var. Təminat yoxdur ki, həmin adam Rusiya prezidenti kreslosuna əyləşdikdən bir müddət sonra real hakimiyyət rıçaqlarını öz əlinə keçirmək istəməyəcək. Bu halda isə Putinin və onun yaxın ətrafının taleyi, topladıqları hüdudsuz varidatın qorunması təhlükə altında qalacaq. Bu səbəbdən Putin qərar verdi ki, ən yaxşı variant hər hansı eksperiment aparmadan bu vəzifədə ömürlük qalmaqdır. Rusiyanı çarizm dövrünə, samoderjaviye modelinə qaytaran bu mürtəce ssenarini ancaq rus xalqı poza bilər”, - deyə Şahin Cəfərli bildirib.
“Yeni Müsavat”