Roma Papası Fransisk koronavirusun yayılmasından dolayı ənənəvi bazar duasını canlı video bağlantı ilə edib.
Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, İtaliya Avropada virusun ən çox yayıldığı ölkələrdən biridir.İtaliyanın paytaxtı Romada yerləşən Vatikanda da ilk dəfə bir nəfərdə koronavirusa yaxalanma qeydə alınıb. Hətta fevralın 27-dən bu yana Katolik kilsənin lideri Papa Fransisk bəzi proqramlarını təxirə saldığı üçün barəsində virusa yaxalanmasıyla bağlı iddialar səsləndirilməyə başlanmışdı. Daha sonra belə bir şeyin olmadığı, Papanın sadəcə soyuqladığı bildirilmişdi.
Lakin bu dəfə koronavirusdan qorunmaq üçün Roma Papası ilkə imza atıb. Ənənəvi bazar duasını canlı video bağlantı edərək gerçəkləşdirib.
Canlı yayım Vatikandakı San Pietro Meydanında quraşdırılan ekranlardan çox az sayda insan tərəfindən izlənilib.
Dua etdikdən sonra Papa pəncərədən meydandakı insanları bir neçə saniyəlik salamlayıb.
Papa Fransisk koronavirusa da toxunub və “Dualarımda virusdan əziyyət çəkən insanların və onların səhhəti ilə maraqlananların yanındayam” deyib.
Vatikan virus təhlükəsinin olduğu müddət ərzində ənənəvi dua ayinlərinin canlı yayımla həyata keçiriləcəyini vurğulayıb.
Firuzə Alimova